Qüdrət Həsənquliyev: “İndi daha hazırlıqlı və çevik siyasətçilərə ehtiyac var” Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib. Sessiyaya sədrlik edən BAXCP Ali Məclisinin sədri Teyyib Qəni gündəlikdə duran məsələlər haqqında danışıb. Sessiyanın gündəliyi səsə qoyulduqdan sonra toplantı açıq elan edilib. Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin, Azərbaycanın müstəqilliyinin əldə olunması və qorunması uğrunda mücadilə aparan soydaşlarımızın və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. Təşkilati işlərin müzakirəsi zamanı BAXCP sədrinin təqdimatına əsasən, “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyevin partiyanın İdarə Heyətinə üzvlüyü ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Səsvermənin nəticəsinə uyğun olaraq, Əli Həziquliyev BAXCP İdarə Heyətinin üzvü seçilib. BAXCP sədrinin təşkilati işlər üzrə müavini Bünyamin Qəmbərlinin rəhbərlik etdiyi sahədəki vəziyyətlə bağlı məlumatından sonra, partiyanın noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakı ilə bağlı məsələnin müzakirəsinə başlanılıb. Məsələ ilə bağlı çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın seçkilərə hazırlığı barədə danışıb. Partiya üzvlərinin seçkilərdə fəal iştirakının önəmini vurğulayan Qüdrət Həsənquliyev BAXCP-nin Azərbaycanda əsaslı Konstitusiya islahatları təşəbbüsü ilə çıxış edən yeganə siyasi partiya olduğunu xatırladıb. Ölkənin gələcəyinin çoxpartiyalı sistemin inkişafından keçdiyini deyən BAXCP sədri bildirib ki, bunun üçün ilk növbədə parlamentin funksiyaları artırılmalı, hökumətin formalaşdırılması səlahiyyəti parlament seçiklərində qalib gələn siyasi partiya, yaxud siyasi partiyalara verilməli, məhkəmə hakimiyyətinin tam müstəqilliyi hüquqi mexanizmlərlə təmin olunmalıdır. “İndi daha hazırlıqlı və çevik siyasətçilərə ehtiyac var”, - deyən BAXCP sədri bütün partiya üzvlərini seçkilərdə fəal iştirak etməyə, partiyanın ideyalarını təbliğ etməyə çağırıb. BAXCP sədrinin çıxışından sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirakı ilə bağlı məsələ səsə qoyulub və qərar qəbul edilib. Ali Məclisinin qərarına əsasən BAXCP Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə siyasi partiya kimi iştirak edəcək. Daha sonra partiyanın baş katibi Söhrab Abdullayev Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi irəli sürüləcək şəxslərin siyahısını Ali Məclis üzvlərinin müzakirəsinə təqdim edib. Söhrab Abdullayev namizədlərin sayının arta biləcəyini xatırladıb və qeyd edib ki, siyahıya əlavə olunacaq şəxslərin namizədliyinin müvafiq dairələr üzrə irəli sürülməsi partiya Nizamnaməsinin 11.3-cü bəndinə əsasən, BAXCP İdarə Heyətinə həvalə olunmalıdır. Baş katibin çıxışından sonra Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi irəli sürüləcək şəxslərin namizədliyi ayrı-ayrılıqda səsə qoyulub və qərar qəbul edilib. Xatırladaq ki, BAXCP tərəfindən deputatlığa namizədliyi irəli sürülən şəxlərin siyahısı İdarə Heyətinin müvafiq qərarından sonra açıqlanacaq. Deputatlığa namizədlərin irəli sürülməsi ilə bağlı qərarın qəbulundan sonra, Seçki Məcəlləsinin tələblərinə əsasən, partiyanın səlahiyyətli nümayəndələri və maliyyə məslələri üzrə səlahiyyətli nümayəndələrinin siyahısı təsdiqlənib. Sessiyanın sonunda partiya sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli, rayon və şəhər təşkilatlarının sədrlərindən Allahverdi Zamanlı, Elçin Şahbazov, Zöhrab Məmmədov və digər şəxslər çıxış edərək, BAXCP üzvlərinin seçkilərdə daha fəl iştirak etmələrinin təmin olunması ilə bağlı təkliflərini səsləndiriblər. Dövlət Himninin səsləndirilməsindən sonra Ali Məclisin sessiyası öz işini başa vurub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?