Ramiz Cəbrayılovun Laçındakı korrupsiya zənciri; yığılan rüşvətdən kimə nə çatır?
Laçın camaatı, xüsusən də dövlət büdcəsindən maliyyələşən idarə və müsisələrdə çalışanlar arasında ciddi narazılıq var və uzun müddətdi davam edən bu vəziyyət son həddə çatıb. Bu barədə qəzetimizə Ağcabədi rayonu ərazisində Taxtakörpü adlanan ərazidə məskunlaşan Laçın köçkünləri bildirib. Onların sözlərinə görə, rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov bu vəzifəyə təyin olunduqdan sonra Laçında korrupsiya və rüşvətxorluq daha da tüğyan edir. Məlumata görə, xüsusən də Laçın Təhsil Şöbəsindəki rüşvət yığımı bu şöbəyə aid müəssisələrdə çalışanları əməlli-başlı bezdirib. Məlumatda bildirilir ki, Təhsil Şöbəsinə aid müəssisələrin rəhbərlərii tərəfindən yuxarının göstərişi nəticəsində işçilərin əmək haqqından 10 faiz tutularaq təhsil şöbəsinin baş mühasib köməkçisi olan Əhmədov Əzim Əhməd oğluna verilir. Ə.Əhmədov isə yığılan məbləği Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayilovun birinci mavini Quluyev İlham Vəliqulu oğluna verir. Müavin isə həmin məbləğin böyük hissəsini icra başçısına çatdırır. İcra başçısının ən etibarlı adamı kimi tanınan Ə.Əhmədovun Təhsil Şöbəsinin başqa maxinasyalarının başında da dayandığı bildirilir. Sakinlər bildirir ki, təhsil müəssisələrində şalışanlar kütləvi şəkildə hakim partiyanın sıralarına yazılırlar və onlardan hər ay üzvlük haqqı yığılır. Hətta YAP-a üzv olmayanlardan da pul yığıldığı, nəticədə isə əhali arasında YAP-dan ciddi narazılıq baş qaldırdığı bildirilir. Şikayətə həmçinin bildirilir ki, bu arada icra başçısının korrupsiya işi ilə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırmalar zamanı ortaya yeni xüsusatlar çıxıb. Bu araşdırmalara gəlincə, bir müddət əvvəl mətbuat yazmışdı ki, Laçın rayon İcra Hakimiyyətinin nəzdində yaradılan Xeyriyyə Fondunun vasitəsilə külli miqdarda vəsaitin mənimsənilib. Qeyd olunur ki, bu fondun vətəndaşlara yardım etməsi adı ilə yüzlərlə adamın adına müxtəlif məbləğlərdə pul yazılıb və mənimsənilib. Bu faktın üstünü isə “Kapitalbank”ın Laçın filialının keçmiş müdiri açıb. Ramiz Cəbrayılovla həmin şəxs arasında uzun müddət ciddi problem olub. Nəticədə icra başçısı onu işdən çıxartdıra bilib. O isə bu yeyintiyə dair əvvəlcədən çıxarıb özündə saxladığı faktları prokuroluğa təqdim edib. Bundan sonra araşdırmalar başlayıb və ortaya çox ciddi yeyinti faktları çıxıb. İndi Laçın sakinlərinin dediklərindən məlum olur ki, həmin araşdırmalar zamanı ortaya yeni xüsusatlar çıxdığından iş bir qədər başqa məcraya yönəlib. İcra başçısı isə araşdırmalar başlayandan sonra Xeyriyyə Fondunu ləğv etməklə yanaşı ondan narazı olan sakinlərlə münasibətləri düzəltmək üçün Qurban bayramında Taxtakörpüdə böyük mərasim təşkil edərək sakinlərə xeyli qurban əti paylatdırıb. Orada kəsilən qoyunların isə ödəniş olmadan yerli fermerlərdən alındığı bildirilir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq..
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?