Sentyabrın 10-da Birləşmiş Millətlər Təşkilatının Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən mənzil-qərargahında Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun sədrliyi ilə Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) Assambleyasının Bürosunun geniş tərkibli iclası kecirilmişdir.
Büroya üzv ölkələrin yüksək səviyyəli nümayəndələri, habelə BMT-nin nəzdində fəaliyyət göstərən regional qruplara sədrlik edən ölkələrin səfirlərinin iştirak etdiyi iclasda Assambleyanın 9-11 dekabr 2015-ci ildə Vyana şəhərində keçirilməsi nəzərdə tutulan 4-cü sessiyasına hazırlıqla əlaqədar zəruri təşkilati işlər, qeyd olunan sessiyada qəbul edilməsi nəzərdə tutulmuş qətnamə layihələri, Akademiyanın İdarə Heyətinə seçkilər və sair məsələlər üzrə ətraflı müzakirələr aparılmışdır. Büronun iclasını giriş sözü ilə açan Assambleyanın sədri Zakir Qaralov Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin Dövlət başçısı cənab Ilham Əliyevin möhkəm siyasi iradəsinə əsaslandığını xüsusi vurğulamaqla bu sahədə həyata keçirilmiş qanunvericilik və institusional islahatlar barədə ətraflı məlumat vermişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd olunmaqla çıxışında Beynəlxalq Antikorrupsiya Akademiyasını bu sahədə ən uğurlu beynəlxalq təşəbbüslərdən biri kimi qiymətləndirmişdir.
Tədbir çərçivəsində Baş prokurorun Akademiyanın icraçı katibi və dekanı cənab Martin Kroytner, Türkiyənin BMT-nin Vyana ofisi və Vyanada yerləşən digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi xanım səfir Əminə Birnur Fertekligil, Büroya üzv olan, habelə regional qruplara sədrlik edən ölkələrin nümayəndələri ilə ikitərəfli görüşləri baş tutmaqla səmərəli fikir mübadiləsi aparılmışdır.
Akademiyanın icraçı katibi və dekanı Martin Kroytnerlə görüş zamanı Baş prokuror Azərbaycan Respublikası ilə dünya miqyasında unikal institutlardan biri olan Beynəlxalq Antikorrupsiya Akademiyası arasında qarşılıqlı münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırmaqla artıq prokurorluq əməkdaşları ilə yanaşı digər dövlət qurumlarının da Akademiyanın təklif etdiyi magistr və Yay Akademiyası tədris proqramlarının imkanlarından istifadə etdiyini bildirmişdir.
2014-cü ilin noyabr ayında Assambleyanın Bakı şəhərində baş tutmuş 3-cü sessiyasını məmnunluqla xatırlayan Martin Kroytner Azərbaycan Respublikasının təşkilatın faliyyətində rolunun əvəzedilməz olduğunu xüsusi vurğulamışdır. İclasda tədbir iştirakçılarına ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində son 10 il ərzində görülmüş işlər və əldə edilmiş uğurları əks etdirən ingilis dilində nəşr olunmuş jurnal, Akademiya ilə ölkəmizin dövlət qurumları arasında əməkdaşlığa həsr edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bülleteninin xüsusi buraxılışı, habelə Baş İdarənin fəaliyyətini əks etdirən buklet və kitabçalar təqdim edilmişdir.
Büronun geniş tərkibli iclasında nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov və Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iştirak etmişlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?