Rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişi ilə bağlı məlum qadağa vətəndaşlar tərəfindən ciddi narazılığa səbəb olub. Məsələyə münasibət bildirən bəzi hüquqşünas və ictimai-siyasi xadimlər bu qadağanın ölkə konstitusiyası və qanunlarına zidd olduğunu, bu səbəbdən də ləğv edilməsi gərəkdiyini iddia edir. Maraqlıdır, sözügedən qadağa həqiqətənmi konstitusiya və qanunlara ziddir? Bu qadağa vətəndaşların sosial mənsubiyyəti baxımından ayrı-seçkiliyə məruz qalması kimi dəyərləndirilə bilərmi? Bununla bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Əyyub Kərimov qadağanın səbəbləri, davamlılıq müddəti və s. ilə bağlı heç bir açıqlamanın verilmədiyinə diqqət çəkdi və bu səbəbdən də indiki şəraitdə bunun konstitusiyaya zidd olduğunu bildirdi: “Məlum qadağa ilə bağlı rəsmi orqanlar tərəfindən heç bir açıqlama verilməyib. Yəni heç bir əlaqədar qurum bu qadağanın nə səbəbdən gündəmə gətirildiyi, onun hansı qanuna əsaslandığı, nə qədər müddətdə davam edəcəyi ilə bağlı hər hansı açıqlama verməyib. Təbii ki, hər bir vətəndaş istər at, istər velisoped, istər maşın, istər qatarla bütün ölkəni dolaşa, onun bu başından o başına gedə bilər və bunu ona kimsə qadağan edə bilməz. Ölkə konstitusiyasına görə vətəndaşların konstitusiya hüququ yalnız fövqəladə hallar zamanı, müharibə dövründə və s. kimi vəziyyətlərlə məhdudlaşdırıla bilər. Bunun xaricində vətəndaşların hüquqlarını məhdudlaşdırmaq olmaz və konstitusiya bunu qadağan edir. Hesab edirəm ki, əgər rəsmi qurumlar bu qadağanı doğuran səbəblərə, onun davamlılıq müddətinə adınlıq gətirsə, bununla bağlı gərginlik də azalar”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?