MN: Düşmənin canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə zərbə endirilib Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhə xəttində gərginlik səngimir.
Belə ki, sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb.
Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrindən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.
Düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu - Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olmuş hərbi qulluqçuların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!
Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və qoşunların təmas xəttində təxribatların qarşısını almaq məqsədilə düşmənə qarşı müvafiq tədbirlər həyata keçirilir.
Sorğu
Yeni dizaynımız necədir?