2015-ci ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində namizədlərin qeydə alınması prosesinin yekunlaşmasına beş gün qalıb.
Namizədliyin qeydə alınması prosesi sentyabrın 12-dən başlayıb və proses oktyabrın 2-sində yekunlaşacaq. Müddətin başa çatmasına az vaxt qalmasına baxmayaraq Milli Məclisin dörd bitərəf deputatı parlament seçkilərində iştirakla bağlı mövqeyini hələ dəqiqləşdirməyib.
Bunlar 37 saylı Nizami birinci seçki dairəsindən Aydın Abbasov, 45 saylı Abşeron seçki dairəsindən Arif Alışanov, 63 saylı Sabirabad birinci seçki dairəsindən Ceyhun Osmanlı və 91 saylı Ucar seçki dairəsindən Elton Məmmədovdur. Hakim Yeni Azərbaycan Partiyasının dörd deputatın dairəsindən irəli sürdüyü namizədlərinin qeydiyyat prosesi isə artıq yekunlaşıb.
Belə ki, hazırda Aydın Abbasovun dairəsindən Pərvin Kərimzadənin, Arif Alışanovun dairəsindən spiker Oqtay Əsədovun, Ceyhun Osmanlının dairəsindən Elçin Quliyevin, Elton Məmmədovun dairəsindən Vüsal Hüseynovun namizədliyi qeydə alınıb.
Qeyd edək ki, adları çəkilən deputatlar mətbuata açıqlamalarında da yenidən mandat uğrunda mübarizəyə qoşulacaqlarını iddia etməyiblər /qafqazinfo/
Sorğu
Yeni dizaynımız necədir?