Prokurorluq Qasım Hüseynovun həbs edilməsi ilə bağlı apelyasiya protesti verib
Bakı Apelyasiya Məhkəməsində dələduzluqda və saxta sənəd hazırlamaqda ittiham olunan Qasım Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qeyd edək ki, Qasım İsax oğlu Hüseynov özünü Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavin Əli Nağıyevin xalası oğlu kimi təqdim edərək dələduzluq edib. O, vətəndaşlardan 200 min, 350 min, 500 min manat pul alıb. Əvəzində onlara “Anay” firmasının Bakıda tikdiyi binalardan mənzillər vəd edib. Deyib ki, firmanın prezidenti Hüseynin qohumu Kazımla şərikdir.
Müəyyən edilib ki, Qasım Hüseynov Türkiyə vətəndaşı olan bir qadından 500 min, digər iki vətəndaşdan ayrı-ayrılıqda 200 min manat pul alaraq onları aldadıb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək
məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qasım Hüseynovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona şərti cəza təyin edilərək məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən narazı qalan Baş prokurorluq apelyasiya protesti verərək Qasım Hüseynovun cəzasının ağırlaşdırılmasını istəyib. Prokurorluğun şikayəti apelyasiya instansiyasında hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi kollegiyada araşdırılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?