Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan Elvin və Günəli Əliyevlərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, məhkəmədə zərərçəkmiş şəxs qismində tanınmış cərrah-transplantoloq Mircəlal Kazımi ifadə verib.
Zərərçəkmiş ifadəsində ona dəymiş ziyanın ödənilmədiyini bildirib: “Mənə maraqlı odur ki, bu insanları kim yönəldib, onlara mənim evimi kim istiqamət verib. Həmin adamın adını desinlər. Çünki onların dediklərinin heç biri məntiqlə uyğun gəlmir”.
Qeyd edək ki, təqsirləndirilən şəxslər cərrah-transplantoloqun mənzilindən külli miqdarda qızıl-zinət əşyaları oğurlayıblar.
Məhkəmə prosesi oktyabrın 20-dək təxirə salınıb.
Xatırladaq ki, bu ilin aprel ayında Xətai Rayon Polis İdarəsi (RPİ) 37-ci polis bölməsi (PB), Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) və Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlamış Astara rayon sakini Elvin Əliyev tutulub.
Cinayət əməlinin iştirakçısı olan Anar Əliyev isə müəyyən edilib. Araşdırmalar zamanı evdən oğurlanmış qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satılması müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.Zeynalov da tutulub.
Qeyd edək ki, evindən oğurluq edilən 1977-ci il təvəllüdlü Kazımi Mircəlal Mirkazım oğlu tanınmış cərrah transplantoloqdur. O, hazırda Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiridir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?