Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Pərvanə Nuriyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, Eldar İsmayılovun sədrliyi ilə hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hakim deyib ki, Pərvanə Nuriyeva qətli anlaqsız vəziyyətdə törədib.
Daha sonra iclasda zərərçəkmiş şəxsin nümayəndəsi, qızların atası Etibar Nuriyev prosesin qapalı keçirilməsi barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin edib, prosesin qapalı keçirilməsinə qərar verilib.
Bundan sonra məhkəmə baxışı oktyabrın 20-nə təyin olunub.
Qeyd edək ki, ötən il oktyabrın 22-də saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində yaşamış, 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri ilə müşayiət olunan meyidinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyidə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilib.
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun, həmçinin Xətai rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, G. Nuriyeva ilə eyni ünvanda yaşamış kiçik bacısı Pərvanə Nuriyeva tutularaq istintaqa cəlb olunub.
1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsi olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?