Bakı şəhərinin Xətai rayonundakı Heydər Əliyev Parkı ərazisində salınmış “Yapon bağı”nın açılışı olub.
Xezerxeber.com xəbər verir ki, açılış mərasimində çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bağın salınması tarixçəsindən danışıb. O bildirib ki, 2014-cü ilin iyun ayında Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub. Sonra bu ölkə ilə ikitərəfli əməkdaşlığın qurulması naminə “Kosugi” şirkətinin rəhbəri Saki Kosuqinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya, o cümlədən Xətai rayonuna gəlib. Səfərlər çərçivəsində Xətai rayonundakı Heydər Əliyev parkında “Yapon bağı”nın salınması qərara alınıb. Bağın tikintisinə 2015-ci ilin fevral ayından başlanılıb və işlər iyul ayında başa çatıb. Parkda qədim yapon mədəniyyətini əks etdirən atributlar var. Həmçinin Azərbaycanın müxtəlif yerlərindən, xüsusən də Xızı dağlarından gətirilmiş təbii qaya və çay daşlarından “Şəlalə” kompleksi qurulub.
İcra başçısı qeyd edib ki, Yaponiya Azərbaycanın strateji tərəfdaşıdır, qarşılıqlı əməkdaşlıq xalqlarımızın əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi yapon bağlarının cazibəsini dünyada tanıdan “Kosugi” bağ inşaatı şirkətinin fəaliyyətindən söz açıb. O, şirkətin fəaliyyətinin Azərbaycanda yüksək qiymətləndirildiyini bildirib.
Səfir qeyd edib ki, yeni salınmış bağ Bakı sakinlərinin yapon mədəniyyəti ilə tanış olması baxımından əhəmiyyətlidir. O, Azərbaycanda yapon bağlarının inşasının ölkələrimiz arasında dostluq əlaqələrinin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev Xətai rayonunda “Yapon bağı”nın açılmasının əlamətdar hadisə olduğunu deyib.
O, Azərbaycan ilə Yaponiya arasındakı münasibətlərdən bəhs edib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsinə töhfə verdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu bağ Bakı sakinlərinin gözəl istirahət məkanlarından biri olacaq.
“Kosugi Zohen Co.LTD” şirkətinin prezidenti Saki Kosuqi bağın tikintisində Yaponiyadan gəlmiş 11 mütəxəssisin çalışdığını deyib. Bildirib ki, bağda qədim yapon mədəniyyətini, folklorunu və milli ornamentlərini əks etdirən atributlar, Tori qapısı quraşdırılıb, yapon mənşəli ağac və gül kolları əkilib.
Sonra “Yapon bağı”na gəzinti təşkil edilib və xatirə olaraq ağaclar əkilib.
Sorğu
Yeni dizaynımız necədir?