Mərhum qadın cinsi istismara məruz qalıb doğub, uşağı isə alınaraq körpələr evinə verilibmiş
Oktyabrın 15-ə keçən gecə Şabran rayonu, Heydər Əliyev prospektində polis mayorunun idarə etdiyi “Niva” markalı avtomobillə vurulan 1979-cu il təvəllüdlü Soltanova Gülşahnaz Məlik qızı ilə bağlı maraqlı məlumat yayılıb. Lent.az xəbər verir ki,sosial şəbəkələrdə yayılan məlumatlara görə, qəzadan dərhal sonra xəstəxanada vəfat edən G.Soltanova ruhi xəstə olub.
Bildirilir ki, 36 yaşlı G.soltanovanı demək olar, bütün Şabran sakinləri tanıyırmış. Lalə Orucova adlı “facebook” istifadəçisi yazıb: “Öz "geyim stili" ilə uzaqdan seçilərdi Gülşahnaz, başqalarının verdiyi paltarları sintez edib uzunqolun üstdən qısaqol, şalvarın üstdən şortik, ağın üstdən yaşıl geyinər, geyimində heç bir rəngin xətrinə dəyməzdi. Heç kimə ziyanı dəyməyən, əksinə bütün gün küçələrdə oynamağı ilə camaatı "əyləndirərdi". Kənardan mahnısız oynayan dəli təəssüratı bağışlasa da, Gülşahnaz musiqisiz oynayacaq qədər "dəli" deyildi. Sən demə, Güli qulağındakı qulaqcıqda eşitdiyi mahnılara oynayır”.
Məlumata görə, Gülşahnaz naməlum şəxs tərəfindən cinsi istismara məruz qalıb və yalnız onun hamiləliyi ortaya çıxanda bu fakt məlum olub: "Ailədə bir tumsatan anası, bir də qəbirqazan qardaşı vardı. Beləcə, Gülşahnazın körpəsi doğuldu. Körpəsinə ana olacaq vəziyyətdə deyildi təbii ki. Uşağı alıb körpələr evinə, Gülşahnazı da qolundan tutub küçəyə atdılar" - deyə "Facebook" istifadəçisi yazır. Uşağın atası isə öz övladına sahib çıxmayıb. "Gülşahnaz psixi xəstə idi, onu heç olmasa ağıl xəstəxanasına filana yerləşdirə bilərdilər. Amma yox. Eləcə Allah ümidin küçəyə buraxdılar. Anlaya bilmədim bu yazıq qızın günahı nəydi? Gülşahnaz ehtiras, cinsi istək anlayacaq, hansısa kişinin qucağına atılacaq ağılda deyildi. Bəs elə deyildisə, onu murdarın birinin bu hala salmasında niyə günahlandırılıb küçəyə atıldı? Gülşahnazın onsuz da divanə kimi ömrü küçələrdə keçirdi. İndi isə rəsmən küçələrin sakini oldu. Gah bibisigildə, gah dükanların kandarında, orda-burda gecələyirdi, içirdi. Dünən ildırım sürətilə bütün rayona yayılan xəbər ürəyində az da olsa mərhəmət hissi olan hər kəsi sarsıtdı. Gülşahnazı maşın vurub öldürüb. Ürəyi daşdan olanlar isə deyir : əşşi, onsuzda bu qışdan sağ çıxmayacaqdı, bütün gün küçələrdə idi, bir maşının altında qalacaqdı əvvəl-axır. Polis maşını vurub qaçıb dedilər. Əlbəttə, bir dəlinin təcavüzə uğramasına görə heç kimin tükü tərpənmədisə, ölümünə görə də heç kim məsuliyyət daşımayacaq. Əşşi dəlidi də. Daha küçələrdə Gülşahnaz yoxdu. Morqda dəfn olunmasını gözləyən cəsədi, asfaltda yuyulmasını gözləyən qanı qalıb sadəcə. Hə, qardaşı qəbirqazandı. Yəqin, sabah öz əliylə qazar bacısının qəbrini. Zatən ölümünü də öz əli ilə yazmışdı onu küçələrə özbaşına buraxaraq”.
Qeyd edək ki, G.Soltanovanı avtomobillə vuran polis mayoru Ramin Ağayev ona kömək etmədən hadisə yerindən uzaqlaşıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?