Apa-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Xatman kəndində qeydə alınıb. Kənd sakini, 1937-ci il təvəllüdlü Soltanov Hekayət Şanəsib oğlu ötən gecə yaşadığı evdə naməlum şəxslərin hücumuna məruz qalıb. Maskalı şəxslər Hekayət Soltanovu döyərək əllərini kəndirlə bağlayıblar və ona bıçaqla hədə-qorxu gələrək pul tələb ediblər. Qorxusundan səs-küy salmayan 78 yaşlı təqaüdçünün evindən 500 manat pul götürən soyğunçular mənzildən mis və alüminium qab-qacağı da aparıblar. Zərərçəkən Hekayət Soltanov bildirib ki, evə basqın edənlər 3 nəfər olublar və onlar evdə axtarış apararkən hər şeyi alt-üst ediblər. Onları evə gətirən avtomobil isə küçədə dayanıb, sürücü soyğunçulara bələdçilik edib: “Məni ölümlə hədələdilər. İkinci qrup əliləm, onlara müqavimət göstərməyə gücüm çatmadı. Tənha yaşayıram, çarəsiz qalıb sakit dayandım. Evimi soyub apardılar. Pensiya pullarımı oğurladılar”.
H. Soltanov iki il öncə də başına analoji hadisə gəldiyini bildirib. O, deyib ki, o zaman naməlum şəxslər evə basqın edərək onu döyüb, 2 min manatını aparıblar. Həmin soyğunçuların tapılması üçün iki ildir ki, Ağsu rayon Polis Şöbəsi tərəfindən həyata keçirilən axtarış tədbirləri hələ də bir nəticə verməyib, soyğunçular tapılmayıb.
Qeyd edək ki, ötən gecə baş verən hadisə ilə bağlı rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları Hekayət Soltanovun mənzilinə baxış keçiriblər, onun izahatı alınıb. Soyğunçuların tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?