"Bu qədər hadisələrdən sonra əgər prezident məhz onun üzərində dayanıb elə bir yüksək posta təyin edibsə ən azından insanlıq baxımından da bu generalın haqqı yoxdur ki, başqa cür davransın"
Penitensiar Xidmətin rəisi, ədliyyə nazirinin müavini, Milli Qəhrəman Mədət Quliyevin milli təhlükəsizlik nazirinin birinci müavini təyinatından sonra cəmiyyətdə onun bu posta nə dərəcədə uyğun olmasıyla bağlı fikirlər haçalanıb.
Bir tərəf onun keçdiyi yola və bioqrafiyasına istinad edərək generalın çekist kimi də özünü təsdiq edəcəyini bildirsə də, digər tərəf xüsusi xidmət orqanlarının tamamilə fərqli bir sahə olduğunu qabardaraq yeni təyinata dodaq büzürlər...
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev də Mədət Quliyevin təyinatının yerində olduğunu düşünür. Moderator.az - a açıqlamasında millət vəkili deyir ki, onun üzərində başqalarından fərqli olaraq ikiqat mənəvi yük var:
“Mədət Quliyev Milli Qəhrəmandır. Hesab edirəm ki, bu da onun üzərinə çox böyük mənəvi bir yük qoyur. İkincisi, bu qədər hadisələrdən sonra əgər prezident məhz onun üzərində dayanıb elə bir yüksək posta təyin edibsə ən azından insanlıq baxımından da bu generalın haqqı yoxdur ki, başqa cür davransın. O uzun müddət müxtəlif vəzifələrdə çalışıb və güc strukturlarında işləyib. Ona görə də düşünürəm ki, Milli Təhlükəsizlik Nazirliyində ciddi dəyişikliklər olacaq və Mədət Quliyev müxtəlif səbəblərdən oradan getmiş peşəkarları qaytaracaq və yeni peşəkarların formalaşmasına şərait yaradacaq. Məsələn, əgər MTN - də rüşvət müqabilində işə qəbul varsa, bu birbaşa milli xəyanətə bərabər bir cinayət kimi qəbul edilməlidir. Çünki bu zaman istənilən xarici dövlət öz adamını məhz bu yolla MTN - ə yerləşdirə bilər. Ona görə də MTN biznes ab - havasından tamamilə kənarlaşdırılmalıdır. Adından da göründüyü kimi, bu qurum dövlətin və millətin təhlükəsizliyinə cavabdehdir. Ona görə də bu qurumun paklığını, təmizliyini qoruyub saxlamaq lazım idi. Ümid edirəm ki, belə də olacaq”.
Qeyd edək ki, Q. Həsənquliyev saytımıza olduqca maraqlı və ilginc açıqlamalarla zəngin geniş müsahibə verib. Onu sabah oxucularımıza təqdim edəcəyik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?