gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekcinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin Bakıda keçiriləcək görüşünün önəmini qeyd etdi. Dövlətimizin başçısı Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekcinin Azərbaycana səfərinin həm Şuranın iclasında iştirakı, həm də ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğuladı.
Nazir Nihat Zeybekci Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinə toxunan nazir Nihat Zeybekci 15 iyul hadisələri zamanı Azərbaycanın Türkiyəyə ən böyük dəstək verən ölkə olduğunu dedi.
Azərbaycan ilə Türkiyənin ən yaxın qardaş ölkələr olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin bir-birinə hər zaman dəstək vermələrini təbii hal kimi dəyərləndirdi.
Görüşdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarının əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulandı, iqtisadi sahədə əməkdaşlığımızın inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?