“Müsavat rəhbərliyi ilə danışmaq üçün Bakıya gəlmişəm” Müsavat Partiyasının seçkilərdən geri çəkilməsi qeydə alınmış və xeyli vaxtdır təbliğat-təşviqat kampaniyası aparan namizədlərini seçim qarşısında qoyub. Həmin namizədlər ya partiyanın qərarına əməl edib namizədliklərini geri götürməlidirlər, ya da sonadək seçkidə iştirak etməlidirlər.
Onu da qeyd edək ki, Müsavat Partiyasının irəli sürdüyü 80-ə yaxın namizəddən 25 nəfərini seçki komissiyaları qeydə alıb. Həmin namizədlərin 24-ü Müsavatın üzvü olsa da, bir nəfər Müsavat Partiyasının üzvü deyil. Bu şəxs 123 saylı Kəlbəcər seçki dairəsindən namizəd, Azərbaycan Milliyyətçi Demokrat Partiyasının lideri, keçmiş daxili işlər naziri İsgəndər Həmidovdur.
İsgəndər Həmidovun Müsavat Partiyasının qərarından sonra namizədliyinin geri götürüb-götürməyəcəyini onun özündən soruşduq. İ.Həmidov bildirdi ki, Gəncə zonasında seçicilərlə görüşdə olarkən Müsavatın məlum qərarı verdiyini eşidib və bu gün səhər tezdən Bakıya gəlib: “Müsavatın qərarına böyük hörmətlə yanaşıram. Gəlmişəm ki, Müsavat başqanı ilə görüşüb yaranmış vəziyyəti müzakirə edək. Bu gün saat 3-də qərargaha gedəcəyəm Arif Hacılı və İsa Qəmbərlə söhbət edəcəyəm. Söhbətimizin nəticəsini sizə bildirərəm. Amma onu da deyim ki, təşviqat kampaniyası başlayandan mən 30 rayonda, 50-dən yuxarı kənddə olmuşam, ölkənin dörd bir yanına səpələnmiş kəlbəcərli seçicilərimlə görüşlər keçirmişəm, seçicilər mənə böyük dəstək veriblər, onların qarşısında çıxışlarımda, mətbuata da müsahibələrimdə bəyan etmişəm ki, seçicilərin ümidlərini heç etməyəcəm və seçkidə sona qədər iştirak edəcəyəm. Şayiələr yayırdılar ki, guya mən seçkidən kiminsə xeyrinə, pul alıb geri çəkiləcəm, seçkidən sonra kimisə təbrik edəcəm. Mən də bəyan etmişəm ki, bunlar hamısı şayiədir və mən sonadək seçkidə iştirak edəcəyəm. Bütün bunların hamısını nəzərə alıb Müsavat rəhbərliyi ilə müzakirə aparıb bir qərara gəlməliyik”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?