Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib
Mətbuatın prosesdə iştirak edən müxbiri xəbər verir ki, prosesə hakim İlqar Murğuzov sədrlik edib. Hakim bildirib ki, Xədicə İsmayıl məhkəmənin ilkin baxış iclasının qərarını oktyabrın 18-də alıb və həmin qərardan kasasiya şikayəti verilməyib. Onun bu qərardan 1 ay müddətinə kasasıya şikayət vermək hüququ var. Həmin müddət başa catmadığına görə proses noyabrın 19-na kimi təxirə salınıb. Qeyd edək ki, X.İsmayıl jurnalist Tural Mustafayevin şikayəti əsasında saxlanılıb. T.Mustafayevin intihara cəhd etməsi ilə bağlı Səbayel Rayon Prokurorluğunda fakt əsasında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və bu ittiham üzrə 5 dekabr, 2014-cü ildə X.İsmayıl barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan X.İsmayıla qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.İsmayıla qarşı 125-ci maddə üzrə verilmiş ittihama xitam verilib, digər maddələr üzrə təqsirli hesab edilərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apelyasiya şikayəti verib. Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması tələb olunur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?