Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə araşdırmaçı-jurnalist Xədicə İsmayılın bank hesabına qoyulmuş həbsin götürülməsi ilə bağlı şikayəti təmin edilməyib.
X.İsmayılın “Kapital Bank”dakı hesabına noyabrın 8-də Vergilər Nazirliyinin tələbi ilə həbs qoyulub.
Jurnalist həmin qərardan 1 Saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət etsə də şikayəti təmin edilməyib. O, bu məhkəmənin qərarından apellyasiya şikayəti verib.
Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası verilib.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.
Jurnalist bütün ittihamları rədd edib, korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edib.
X.İsmayıl Ali Məhkəmənin qərarı ilə 2016-cı il mayın 25-də həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib.
Məhkəmə ona ittiham olunduğu iki maddə üzrə 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib.
Məhkəmə jurnalistə ittiham olunduğu digər iki maddə 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verib. Daha sonra 70-ci maddəni tədbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib.
X.İsmayıl son illər bir neçə nüfuzlu mükafata layiq görülüb.
O, dünyada azadlıq mesajını yayan jurnalist və fəal kimi 2016-cı il YUNESKO-nun Cuillermo Cani Dünya Mətbuat Azadlığı Mükafatına layıq görülüb.
Bu il sentyabrın 26-da X.İsmayıl "Nobel mükafatına alternativ" - "Dürüst Həyat" (Right Livelihood) laureatı adını qazanıb.
Kanadadakı Britaniya Kolumbiyası Universiteti Hüquq fakültəsinin təsis etdiyi "Allard" mükafatının qalibi də Xədicə İsmayıl elan edilib.
Jurnalist qalibi olduğu mükafatların bir neçəsinin banka köçürülmüş vəsaitini hazırda ala bilmədiyini deyib. İsmayılın sözlərinə görə, YUNESKO-nun mükafatı göndərilərkən də problemlə qarşılaşıb.
“O zaman hesab açmaq üçün dörd banka getdim. Banklarda sistem mənim adımı qəbul etmirdi. Məlum idi ki, sifariş verilib. Nəhayətdə YUNESKO-ya şikayət etdim və “Kapitalbank”-da hesab aça bildim və mükafatımı hissə-hissə ala bildim. İndi isə son iki mükafatımın hissə-hissə göndərilməsini xahiş etmişdim. Mükafatın bir hissəsini göndəriblər və bu zaman bank hesabıma həbs qoydular”, o qeyd edib./amerikaninsesi.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?