Oktyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyində başlayan “təmizləmə” əməliyyatının gerçək səbəbi haqda müfəssəl məlumatlar yoxdur. Əməliyyat davam edir və istintaqa hər gün cəlb edilənlər haqda məlumatlar yayılır. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, əməliyyat başlayandan az sonra Bakı hava limanında sahibkarlara qan udduran MTN-çilər yoxa çıxıb. MTN-nin hava limanı şöbəsinin rəisi Pərviz Vəliyevin həbsindən sonra şöbədə də yoxlamalar başlayıb… Bu haqda redaksiyamızı bilgiləndirən iş adamlarından biri deyib ki, əməliyyatdan bir neçə gün əvvəl xaricdən Bakı aeroportu vasitəsi ilə ölkəyə gəlib. Üzərində qızıl-zinət əşyaları olub. Həmin əşyaları hava limanındakı gömrük postunda bəyan edib, rüsum ödəməklə ölkə ərazisinə keçirib. Lakin limandan çıxan kimi onun qarşısını özlərini MTN əməkdaşı kimi təqdim edən şəxslər kəsiblər. İş adamı yaxınlıqdakı MTN şöbəsinə aparılıb. Ondan gətirdiyi qızıl-zinət əşyasına görə haqq tələb olunub və alınıb. Özünə də bildirilib ki, bir daha ölkəyə qızıl-zinət əşyası gətirməsin. Oktyabrın 17-də MTN-də baş tutan əməliyyatdan sonra isə artıq hava limanındakı MTN-çilər gözə dəymir, sahibkarlardan haqq tələb etmirlər. Mətbuat səhifələrində sahibkar müsibətləri haqda hekayələrin sayı-hesabı yoxdur. Əsasən qızıl biznesi ilə məşğul olan sahibkarların açıqlamalarından aydın olur ki, ölkəyə gətirilən zinət əşyalarına görə iş adamlarından bütün qanuni rüsumlardan savayı qanunsuz haqq alınırmış. Millətin təhlükəsizliyi ilə məşğul olmalı vəzifə sahibləri çalışdıqları qurumun adına ləkə gətirməklə iş adamlarının qəniminə çevrilibmiş. İş adamı Maqsud Mahmudovun qəzetimizə açıqlamasında deyib ki, ölkəyə gətirdikləri hər 100 qram qızıla və 1 karatlıq almaza görə onlardan 12 faiz haqq alınırmış. Üstəlik, rüblük və illik haqq toplanırmış.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?