«İnsan ləyaqətlə qalib gəlib, ləyaqətlə məğlub olmağı bacarmalıdır».
Bunu AzadlıqRadiosuna Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Araz Əlizadə deyib.
O, bu dairədən bundan öncə deputat olmuş Ümid Partiyasının sədri İqbal Ağazadənin iddialarını əsassız sayır. İqbal Ağazadə mətbuata təqdim etdiyi protokollar üzrə özünün qalib gəldiyini, seçkinin saxtalaşdırıldığını iddia edir.
Araz Əlizadə deyir ki, seçki protokolları onda da var:
«O protokollardan məndə də var. Dairələr var ki, o qalib gəlib, dairələr də var ki, mən qalib gəlmişəm. Yekun nəticə də artıq bəllidir - mən ondan çox səs toplamışam. Necə olur ki, bundan əvvəl İqbal Ağazadə özü bu dairədən üç dəfə deputat seçiləndə, nəticələr saxtalaşdırılmırdı, amma mən seçiləndə saxtalaşdırılır?! Komissiya həmin komissiyadır da, mən özümlə yeni komissiya gətirməmişəm ki».
UŞAQLARA TƏZMİNAT, MÜƏLLİM VƏ HƏRBÇİLƏRƏ YÜKSƏK MAAŞ
Araz Əlizadə deyir ki, deputat kimi parlamentdə öncə uşaqlara təzminat, müəllim və hərbçilərə daha yüksək əməkhaqqı tələb edəcək:
«Seçkiyə gedəndə qarşımda duran başlıca məqsədim övladlarımızın gələcəyi üçün mübarizə aparmaq, analara, müəllimlərə və hərbçilərə layiqli həyat tələb etmək idi . Hər şeydən öncə maaş, uşaqlara təminat məsələsini qaldıracağam. Düşünürəm ki, uşaqlar dövlətin təminatında olmalıdır, analar balalarını dolandırmaq üçün gedib kiminsə evini yığışdırmamalıdır, dövlət hər uşağa azı 200 manat pul verməlidir ki, ana onları dolandıra bilsin».
Milli Məclisə seçkilər noyabrın 1-də keçirilib. MSK-nın açıqladığı ilkin nəticəyə görə, ASDP sədri Araz Əlizadə 44.7 faiz, yəni 1817 səslə birinci yerdə qərarlaşıb. Ümid Partiyasının sədri İqbal Ağazadə 1078 səslə ikincidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?