Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Marneuli şəhərində azərbaycanlılarla görüşüb.
APA-nın məlumatına görə, görüşdə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili də iştirak edib.
Görüşdə çıxış edən prezident İlham Əliyev bildirib ki, Marneuliyə ilk səfərini 2004-cü ildə edib və indi bölgədə böyük iqtisadi və infrastruktur dəyişiklikləri getdiyini görüb. O, Gürcüstana iki günlük səfərinin uğurlu keçdiyini deyib: “Gürcüstan-Azərbaycan əlaqələri yüksək sürətlə inkişaf edir. Dünən Bəyannamə imzaladıq və bu sənəddə əməkdaşlığın bütün aspektləri öz əksini tapıb. Bizim əməkdaşlığımızın gözəl tarixi və gələcəyi var. Əlaqələrimiz strateji səviyyəyə qalxıb. Bu gün mən Marneuliyə gəlmişəm. Əminəm ki, bizim Gürcüstanda fəaliyyətimiz əlaqələrin inkişafında mühüm rol oynayacaq. Gürcüstanda yaşayan azərbaycanlılar, həm də Azərbaycanda yaşayan gürcülər, bizim əməkdaşlığımızı daha da möhkəmləndirir”.
G. Marqvelaşvili isə azərbaycanlıların Gürcüstan dövlətçiliyinin inkişafına böyük töhfə verdiyini söyləyib: “Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğu və qarşılıqlı münasibətləri yüksək səviyyədədir. Azərbaycan Gürcüstan iqtisadiyyatının inkişafına böyük sərmayə qoyub. Bunu qiymətləndirməmək olmaz. Bu, Azərbaycanın qardaş ölkə kimi Gürcüstana göstərdiyi qayğıdır”.
Görüşdə Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, Dəmyə-Görarxı kənd icra nümayəndəsi Heydər Musayev və başqaları çıxış edərək həyata keçirilən işlərdən və azərbaycanlıların problemlərindən söz açıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?