AŞ PA Bürosunun bu günlərdə çıxardığı “Dağlıq Qarbağda və Azərbaycanın işğal edilmiş digər ərazilərində toqquşmaların artması barədə” başlıqlı qətnaməyə görə Ermənistanda mübahisələr səngimir.
Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin bu qətnamənin qəbulunun qarşısını ala bilməməsi parlamentin bugünkü iclasında da qaldırılıb.
Müxalifətdən deputat Nikol Paşinyan deyib ki, ictimaiyyət Ermənistan nümayəndə heyətinin AŞ PA-dakı fəaliyyətinə dair obyektiv qiymətləndirmə görmək istəyir.
“Ən təhlükəlisi odur ki, hər dəfə biz öz diplomatiyamızın uğursuzluqlarını Azərbaycanın “qara kürü” diplomatiyası ilə əsaslandırmağa çalışırıq. Əgər kürü belə böyük qüvvədirsə, gəlin fikirləşək: bəlkə ora bizim nümayəndə heyətini göndərmək əvəzinə bir neçə kiloqram qara kürü alıb göndərsək, daha yaxşıdır?!”- deyə Nikol Paşinyan ironiya ilə bildirib.
Parlamentin spikeri Qalust Saakyan isə bu uğursuzluğa görə günahkar axtarmamağa, AŞ PA-nın qış sessiyasında həmin qətnamənin qəbulunun qarşısını almaq üçün səfərbər olmağa çağırıb.
“Biz hələ bir il əvvəl bu sənəd haqda məlumat almışdıq və müxtəlif nümayəndə heyətləri ilə təmaslarımızda məsələni qaldırırdıq. Lakin nəzərə almalıyıq ki, indiki halda biz AŞ PA ilə yox, Azərbaycan və Türkiyə ilə qarşı-qarşıyayıq”- spiker deyib.
Qalust Saakyan qətnamənin təsdiqlənməsinin Ermənistanın ciddi uğursuzluğu olduğunu etiraf edib.
Xatırladaq ki, həmin qətnamədə Dağlıq Qarabağ və ətraf ərazilərin Ermənistan tərəfindən işğal olduğu tanınır. Sənədin qəbulu Ermənistanda panik reaksiyalara səbəb olub.
Sorğu
Yeni dizaynımız necədir?