Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsi çərçivəsində, yaxın günlərdə Ələt-Masallı avtomobil yolunun Şorsulu-Cəlilabad (km 80+600 - 110+700 ) hissəsinin yenidənqurulması işlərinə start veriləcək.
"Azəryolservis" ASC-dən Milli.Az-a verilən məlumata görə, I texniki dərəcəyə uyğun olaraq inşa ediləcək Ələt-Masallı avtomobil yolunun Şorsulu-Cəlilabad hissəsinin uzunluğu 30,1 kilometrdir. 4 hərəkət (4x3,75 metr) zolağından ibarət olacaq avtomobil yolunda ayrıcı zolağın eni 4 metr təşkil edəcək.
Layihəyə uyğun olaraq yeni salınacaq yolun çiyinlərinin eni 2x3,75 metr (2x0,75m asfalt örtük, 2x3,0m hissəsi ikiqat bituma hopdurulmuş qırmadaş) olmaqla yolun ümumi eninin 26,5 metr olması nəzərdə tutulub.
Ələt-Masallı avtomobil yolunun Şorsulu-Cəlilabad hissəsinin torpaq geyiminin qalınlığı 96 santimetr təşkil edəcək. Bura 50 sm seçilmiş torpaq layı, 15 sm əsasın qırmadaş layı, 18 sm asfaltın birinci layı, 8 sm asfaltın ikinci (əlaqələndirici) layı və 5 sm üst aşınma layı daxildir.
Layihə üzrə yolda iki avtomobil körpüsünün tikintisi aparılacaq. Körpülərdən biri Ələt-Masallı avtomobil yolunun 99-cu kilometrliyində Muğanxolu çayı üzərində inşa ediləcək. 4 aşırımdan ibarət körpünün uzunluğu 130,6 metr olacaq. İkinci körpü yolun 110,8-ci kilometrliyində Cəlilabad yol qovşağında tikilməsi nəzərdə tutulub. Bu körpü isə 4 aşırımlı olmaqla uzunluğu 79 metr olacaq.
Bundan başqa yol boyu 79 dairəvi borunun, 10 düzbucaqlı su borusunun və 6 düzbucaqlı alt keçidin inşasının aparılması planlaşdırılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?