Mahmud Hacıyev: “Eldar Mahmudovun üç müavinini Ramil Usubov vaxtından əvvəl DİN sistemindən kənarlaşdırmışdı”
Milli Təhlükəsizlik Nazirliyində (MTN) təmizləmə işləri davam etdirilir. Prezidentin nazir Eldar Mahmudovu vəzifəsindən götürməsindən sonra bu proses daha da sürətlənib. Nazirlikdə qeyri qanuni fəaliyyətlə məşğul olan dəstənin əksər üzvləri həbs edilib, işdən çıxarılıb. Uzun illər Daxili İşlər Nazirliyi (DİN) orqanlarında çalışan Mahmud Hacıyevlə söhbətimizdə əsasən MTN-də baş verən proseslərlə bağlıdır.
- Mahmud müəllim, MTN ətrafında baş verən son hadisələri mütəxəssis kimi necə şərh edirsiniz?
- Sözün tam mənasında məmləkətində onurğa sütunu olan MTN-ə süpürgə çəkdilər. Yəni zir-zibildən təmizlədilər. İndi bunu necə qiymətləndirmək olar? Aydın məsələdir onların etdiyi hərəkətlər, törətdiyi cinayətlər ortadadır. Bu təmizləməni müsbət qiymətləndirirəm. Başqa cür qiymət vermək olmaz. Axı belə hadisələr niyə olsun ki? MTN dövlətin onurğasıdır, əsas sütünlarından biridir. Onların son 10 ildəki fəaliyyətindən xarici dövlətlər, qonşu ölkələr xəbər tutdu. Bu bizim ölkəmiz, hüquq mühafizə orqanları üçün baş ucalığı gətirən hərəkət deyil. İndi, bu olmaya bilərdimi, niyə oldu məsələsi var. Bəli, olmaya bilərdi. Bəs niyə oldu? Kadr dəyişikliyi edəndə, kimlərəsə üstünlük verəndə bir qədər diqqətli olmaq lazımdır. Çünki kadrın özünü doğrultması ciddi məsələdir. Həyatda ən ağır yük inam və etimad yüküdür. Yəni kiməsə inanırsan və hansısa vəzifəni etimad edirsən. Bu xüsusi çəkisi olmayan yükdür. Sən ömrünün sonuna qədər bu mənəvi borcdan çıxa bilmirsən. Bu mənada keçmiş nazir Eldar Mahmudova inandırlar, ona böyük etimad göstərdilər və böyük vəzifə verdilər. Gərək bu etimadı və ağır yükü Mahmudov ömrünün sonuna qədər hiss etməli idi. Anlamalı idi ki, dövlət rəhbərliyi mənə etimad göstərərək böyük bir iş tapşırıblar, bunun öhdəsindən gəlmək lazımdır. Başqa sözlə, bu mənəvi yükü Eldar Mahmudov ömrünün sonuna qədər aparmalı idi. Eyni zamanda nazir özünün yaratdığı komanda da bunu hiss etdirməli idi. Lakin bu baş vermədi, əvəzində ona göstərilən etimaddan su-istifadə etməyə başladılar. Bildiyiniz kimi MTN-də aparıcı fiqurlar polisdən gedən şəxslər idi. Baş idarə rəisləri, idarə rəisləri, nazir müavinləri keçmiş polis zabitləri idi. Bu şəxslər polisdə işlədikləri müddətdə aparıcı fiqur ola bilməyiblər.
- Fikrinizi bir qədər genişləndirə bilərsinizmi?
- Bu şəxsləri polisin rəhbərliyində təmsil olunanlar, polisin hazırda təqaüddə olan veteranları tanıyırlar. Mən veteran polislərin çoxu ilə söhbət etmişəm. Onlar təəccüb edirdilər ki, bu şəxslər gedib MTN-də nə edəcəklər, bu nazirliyi batıracaqlar. Çünki onlar polisdə aparıcı fiqura çevrilə bilməmişdilər.
- Gəlin konkretləşdirək. MTN-də nazirin üç müavini polisdə işləyən şəxslər olub. Onlar DİN-də hansı vəzifələrdə olub?
- Məsələn, MTN-də kadr işləri üzrə müavin Əliyev Əlimusa idi. Digər müavinlər Şəfiyev Əli və Hilal Əsədov idi. Mən hələ idarə rəislərini demirəm. Bu müavinlərin hər üçü polis orqanlarında böyük vəzifə daşımayıb. Məsələn, Şəfiyev Əli MTN-də nazir müavini olmuşdu. Lakin vaxtı ilə bu şəxs DİN-də mərkəzi aparatda bölmə rəisi idi. Bu şəxs işində baş verən nöqsanlar, xidməti lazımınca yerinə yetirə bilmədiyi üçün nazir Ramil Usubovun əmri ilə vəzifəsindən azad edildi, aşağı vəzifəyə keçirildi, polisdə inspektor oldu. Sonradan Əli Şəfiyev burada işləmək istəmədi, raport yazdı və vaxtından əvvəl DİN-dən təqaüdə göndərildi. Təsəvvür edin ki, söhbət MTN-də nazir müavini postunu tutan şəxsdən gedir. Bu adam 6-7 il təqaüddə oldu. Sonra birdən-birə MTN-ə çağırıb böyük bir idarəyə rəis qoydular, 3 ay sonra isə nazir müavini, general-mayor oldu. Əgər bu belə istedadlı, intellektual və potensiallı kadr olsaydı nazir Ramil Usubov onu qiymətləndirərdi. Digər nazir müavini general-mayor Hilal Əsədovu götürək. Bu şəxs vaxtı ilə Nərimanov rayonunda polis idarəsinin rəisi olub. Nazir Ramil Usubovun əmri ilə işdən azad edildi. Nəzərə alın ki, o şəxsi işdən azad edirlər ki, qüsuru olur. Bu şəxs bir müddət sərəncamda qaldı, sonra Məhərrəm Əliyevin vaxtında Bakı Polis İdarəsinə şöbə rəisi götürdü. MTN-də digər nazir müavini olan Əlimusa Əliyev isə ümumiyyətlə polis sistemində şöbə rəisinin müavini postunu belə tutmayıb. Ən yüksək vəzifəsi polis idarələrində, ondan əvvəl isə OBXS-də inspektor olub. Yəni ciddi vəzifəsi olmayıb. Təsəvvür edin ki, bu üç şəxs general, nazir mavini oldu. Onların hər birinin MTN-də ukrasiyasında olan sahələr olub. Polisdə ciddi fəaliyyəti, potensialı, intellekti olmayan bu şəxslərin gedib MTN-də nə edəcəkdilər, üstəlik MTN strukturu DİN-dən fərqlidir. Kəşfiyyat, Əks Kəşfiyyat hara OBXS hara, kababxanalar, pitixanlar hara. Bunlar fərqli sahələrdir. Odur ki, fəsadlar özünü göstərməli idi. Bir az tez göstərsəydi daha yaxşı olardı. Ancaq bu şəxslərin at oynatmaqları, cinayət törətməkləri 10 il çəkdi. Yaxşı ki, gec də olsa bu məsələ açıldı, yoxsa bunlar ölkəni məhvə aparırdı. Nəzərə alın ki, SSRİ kimi qapalı ölkəni 70
il KQB ilə Müdafiə Nazirliyinin Hərbi Baş Kəşfiyyat İdarəsi saxladı. Bunlarda bizim MTN-in rəhbərliyi idi. Eyib deyilmi sizə, ölkənin sütunu idiniz, yaraşardımı bu cür hərəkətlər edəsiniz?
- Siz uzun illər polisdə işləmisiniz. Eldar Mahmudovda polisdə işləyib. Bir-birinizi tanıyırdınızmı?
-Yox. Mən Eldar Mahmudovu kolleqa kimi tanıyırdım. Yəni bir-birimizi uzaqdan tanıyırdıq. Lakin şəxsi münasibətim olmayıb. Lakin onun müavinlərindən Hilal Əsədovu, Əli Şəfiyevi və Əlimusa Əliyevi yaxşı tanıyırdım. Biz bir yerdə işləmişik, bir sistemin adamları idik. Bir-birimizə bələd idik. Azərbaycan kiçik ölkədi, polis sistemində də, hamı bir-birini tanıyır və kimin hansı potensiala, intellektə və mənəviyyata malik olduğunu bilirdi.
- MTN-də yüksək post tutan bu şəxslərin qeyri qanuni addımlar atmasına sövq edən nə ola bilərdi?
- Tamahgirlık. Məncə, bunlar eyforiyada idi. Düşünüblər ki, prezident eetimad göstərərək Eldar Mahmudovu nazir qoyub. Mahmudovda öz komandasını yığıb, bizi özünə müavin gətirib. Bu üç şəxsin hər biri də, MTN-ə 20-30 adam gətirib. Eyforiya, başgicəllənmədə olduqlarından gələcəyi görə bilməyib. Hesab edirdilər ki, onlara ölkə rəhbərliyi inanıb, general rütbəsi verib, belə də gedəcəyik. Hamıda öz qohum-əqrəbasını ora yığdı. Əslində nazirin, baş idarə rəisinin qohumu onun yanında işləyirsə, bu artıq korrupsiya hesab olunur. BMT-nin bununla bağlı müvafiq müddəası var. Normal ölkələrdə belə fakt olanda istintaq getmir, birbaşa məhkəmə olur. Bunlarda MTN-ə yüksək posta gətirildikdən sonra daha qohum-əqrəbalarından adam qoymadı-yeznə, kürəkən, xalaoğlu, bibioğlunu yığdılar MTN-ə. Aydındır ki, qohumları ora yığanda kimlərsə işdən çıxardılar. Beləcə MTN-də olan peşəkarları bir-bir dənlədilər. Əslində isə peşəkar əməkdaşlar təqaüdə çıxmaq zamanı gələndə belə onları saxlamaq, istifadə etmək lazımdır. Bunlar isə onların çoxunu işdən çıxardılar, bu qurumu pararic etdilər. Savadı, intellekti olmayanları da neqativ hallarla MTN-ə gətirdilər. Bunlar hətta rayonlara əl qatdılar. Ramil Usubovun alqışlanası bir hərəkəti var. O, baxandakı polisdə filan şəxs yaxşı işçidir, onun təqaüdə çıxması zamanı gələndə nazir onun müddətini 3-5 il artırır. Düşünür ki, bu mütəxəssis polisə lazımdır. DİN-dən MTN-ə keçənlər isə peşəkarları işdən kənarlaşdırdılar. Qeyd edim ki, MTN-də yüksək posta gətirilən həmin zabitlərin heç birini daxili işlər naziri vaxtından əvvəl polisdən çıxarıb. Əgər bunlar yaxşı əməkdaşlar idilərsə, niyə Usubov onları vaxtından əvvəl polisdən çıxardı.
- Deyirsiniz ki, MTN-dəki məlum dəstə sərhəd rayonlarına da əl qatıb. Konkret nəyi nəzərdə tutursunuz?
- Elə rayonlarımız var ki, strateji rayonlardır. Ancaq bunlar həmin rayonlara da, əl qoydular, düşünmədilər ki, bunlar sərhəd rayonlarıdır. Məsələn, götürək Qazaxı. Qazax yeganə rayondur ki, həm Gürcüstanla, həm də Ermənistanla sərhəddir. Bu rayona elə şəxsi MTN rəisi qoymuşdular ki, adam dəhşətə gəlirdi. Eşitdiyimə görə, Əliyev Əlimusanın təqdimatı ilə həmin şəxsi Qazaxa rəis qoyublar. Təsəvvür edin ki, həmin rəis rayonda MTN-ə lazın olan işdən savayı hər işlə məşğul idi. Bura elə şəxsi rəis qoyulmalıdır ki, kəşfiyyatı, əks kəşfiyyatı, hüquq mühafizə orqanlarının fəaliyyət istiqamətini, hüquqşünaslığı bilməlidir, təcrübəli olmalıdır. Amma bunlar Qazax kimi strateji rayona qazçıxarma üzrə mütəxəssisi rəis qoymuşdular. Özü də, cavan oğlan idi. Ay qardaş, Qazax kimi strateji rayonun MTN-ni hara, qaz çıxarma üzrə mütəxəssis hara. Çox yaxşı hal odur ki, bu insanların MTN-dəki fəaliyyəti, gördükləri işlərin üstü açıldı və bu nazirlik belə şəxslərdən təmizləndi. Yoxsa bunlardan nə desəniz gözləmək olardı. MTN hər zaman dövlətin, dövlətçiliyin keşiyində duran orqan olub. Bunlar isə həmin qurumdan tamam başqa məqsədlərlə istifadə ediblər. Hər halda gec də olsa bu məsələlərin üstünün açılması çox müsbət haldır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?