Nardaran hadisələrinə dəstək verməkdə ittiham olunan iki Gəncə sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, onlardan biri Sabir Əliyevdir. Onun noyabrın 26-da şəhərin Təbriz və Ə.Məmmədov küçələrinin kəsişməsində «Müsəlman birliyi» Hərəkatına dəstək məqsədilə çağırışlar etdiyi bildirilir.
DİN-in məlumatına görə, Sabir Əliyev saxlanılarkən üzərindən «TT» markalı tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və 3.215 qram heroin götürülüb.
Eyni gündə başqa bir Gəncə sakini Ruzi İsmayılov da «Müsəlman birliyi» Hərəkatına dəstək məqsədilə Şah Abbas məscidinə gəlib.
Rəsmi məlumata görə, o tutularkən qumbara ilə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis mayoru Oqtay Orucovun baş nahiyəsinə xəsarət yetirməklə qumbaranı partlatmağa cəhd göstərib.
R.İsmayılov tutulub və ondan 1 ədəd «F-1», 1 ədəd «RQD-5» qumbaraları və 14 qram heroin götürülüb.
Noyabrın 26-da Nardaranda hüquq-mühafizə orqanları əməliyyat keçirib, 15-dək şəxs, o cümlədən «Müsəlman birliyi» Hərəkatının başçısı Taleh Bağırzadə həbs edilib. Dördü mülki, ikisi polis olmaqla altı nəfər ölüb.
Sorğu
Yeni dizaynımız necədir?