Tahir Kərimli: “Ümid edirik ki, Rusiya-Türkiyə münasibətlərində ağıllı başlar qalib gələcək”
Suallara Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli cavab verib.
-Tahir bəy, Milli Məclisin ilk iclasında iştirak etmişiniz. Təəssüratınız necə oldu?
-Doğurdanda mən 20 illik fasilədən sonra yenidən deputatlıq fəaliyyətinə başladım. Odur ki, təəssüratım çox zəngindir. Daha çox xalqın seçdiyi bir vəzifədir, sən milləti təmsil edirsən. Elə buna görə də, sənə millət vəkili deyə müraciət edirlər. Əlbət də, bu işin məsuliyyəti var, amma bunun şərəfli olduğunu da duyursan. Milli Məclisin açılışında cənab prezident çox gözəl çıxış etdi. Dağlıq Qarabağ məsələsi, ölkədə sabitlik məsələsi haqda danışdı. Elə bir məsələ olmadı ki, cənab prezident ondan danışmasın. Əslində bütün Milli Məclisin , deputatların görəcəyi işə tövsiyyə xarakterli çıxış idi. Məni bu çıxış razı saldı. Mən seçkilərin nəticəsindən də, parlamentin tərkibindən də razıyam. Bu o deməkdir ki, bu tərkibdə Azərbaycan sabitliyə nail olub. Parlamentdə həmin tərkibin qalması uyğundur və həm də Azərbaycanda sabitliyin, inkişafının davam etməsinə işarədir. Odur ki, parlamentin rəhbərliyinin seçiminə normal yanaşmaq lazımdır. Əlbət də, parlamentin komitə sədrlərinin bəziləri dəyişdi, yeni komitələr də yaradıldı. Açığı, mən səmimi ortam gördüm. Milli Məclisin sədr aparatının əməkdaşları var idi. Onlarla 20 il əvvəl işləmişdik. Səmimi görüşdük, səmimilik yarandı. Xoş təəssürat altındayam və razı qalmışam.
-Milli Məclisdə bəzi deputatlar var ki, onlarla siyasi mövqeləriniz fərqli olub. Onlarla birgə işləmək, görüşmək, səmimi münasibətlər qurmaq çətin olmayacaq ki?
-Mənə elə gəlir ki, buna normal yanaşmaq lazımdır. Zənnimcə, radikal üsullarla bir-birimizdən eyib axtarmaq vaxtı deyil. Keçmişdə doğurdan da ayrı-ayrı şəxslərlə münasibətlərdə sərinlik olub. Məsələn, biz “Demokratik” Blokda təmsil olunurduq, başqaları partokrat idi. İndi bu zaman ötüb keçib. Hazırda ən zəruri olanı ölkədə sabitliyin təmin olunması üçün birgə çalışmaqdır. Bir məsələni qeyd edim. Cənab prezidentin tövsiyyəsi əsasında Təhlükəsizlik və müdafiə komitəsinin adı dəyişdi və ora korrupsiyaya qarşı ifadəsi əlavə edildi. Bu göstərir ki, dövlət səviyyəsində korrupsiyaya, inhisarçılığa qarşı müharibə elan edilib. Prezident çıxışı zamanı elan etdi ki, aparılan mübarizə, islahatlar sistemli xarakterlidir. Yəni bu proses davam edəcək, dərinləşəcək. Mən də, bir deputat olaraq bunu arzu edirəm. Mənim özümə xoş gəlir və hiss edirəm ki, xalqımıza da xoş gəlir ki, zəli kimi xalqın malını soranlar zərərləşdirilir. Onlar bilməli idilər ki, haqq-hesab vaxtı da olacaq. Xalqın və dövlətin malını yeyənləri sonda bir hesabat məqamı da olur. Bu mənada hesab edirəm ki, Milli Məclis dövlət ali icra hakimiyyəti ilə birləşməlidir, Azərbaycanda qanunvericilik, islahatlar səviyyəsində ortam yaradılmalıdır. Bu ortam ölkədə sabitliyin qorunması ilə inkişafa səbəb olsun, xalqımızın vəziyyəti yaxşılaşsın. Bu mənada parlamentdə kimləsə konfliktə girmək arzusunda deyiləm, başqalarından da bunu gözləmirəm. Biz hamımız əl-ələ verərək bu istiqamətdə addım ataq. Arzu etməzdim ki, 20 il əvvəl olduğu kimi qarşıdurmada olum, daima gərginlik olsun.
-Milli Məclisin hansı komitəsində təmsil olunacaqsınız?
-Mənə təklif edildi. Hələlik bu müzakirə mövzusudur və müəyyən edilməyib. Hələlik komitə sədrləri seçilib, tərkib yenicə formalaşır. Mən də hüquqşünasam və yəqin ki, komitələrin birində təmsil olunacağam. Mənim üçün komitənin hansında təmsil olunmağımın bir o qədər fərqi yoxdur, amma yəqin ki, hüquqşünas olduğum üçün münasib komitələrdən birində təmsil olunacağam.
-Parlamentin ilk iclasından təəssüratınız gözəldir. Maraqlıdır, parlament rəhbərliyi seçilərkən hansı namizədlərə səs vermişiniz?
-Mən gizlətmirəm. Oqtay Əsədovun lehinə səs verdim. Çünki bu komanda, parlamentin rəhbərliyi prezidentin sabitlik kursunu müdafiə edib, köməklik göstərib. Ölkəmizdə də sabitlik hökm sürür. Bəziləri mənə deyir, gecədə sosial şəbəkələrə diqqət etdim, bəziləri yazır ki, Tahir Kərimli sabitlik məsələsini çox vurğulayır. Bir şeyi nəzərə almaq lazımdır. Əgər ölkədə sabitlik yoxdursa, həmin ölkənin nə iqtidarı, nə müxalifəti, nə də demokratiyası var. Sabitlik olmayan ölkədə yol çəkilməyəcək, infrastruktur yaradılmayacaq. Əksinə, qeyri sabitlik mövcud olanları da dağıdacaq, məhv edəcək. Odur ki, mən sabitliyə bu qədər önəm verirəm. Milli Məclisin köhnə komandasının yenidən rəhbərlikdə qalmasını ona görə dəstəkləyirəm ki, bu komanda prezidentə dəstəkçi olub. Milli Məclisdə hüquqi-inzibati institutu və konstisiyon sistemin tərkibi kimi sabitliyə köməklik edib. Həm də, mənə elə gəlir ki, ölkə əhalisinin spektrini xeyli dərəcədə əhatə edən bir rəhbərlikdir. Yəni bu cəmiyyətdə bir barış və konsensus yarada biləcək haldır. Odur ki, mən seçkilərin nəticəsindən razıyam.
-Parlament seçkilərindən sonra rayona getmişiniz?
-Xeyir. Seçkidən sonra rayona getməmişəm. Səbəb odur ki, xəstəm var. Ancaq təbii ki, planlaşdırmışam və rayon rəhbərliyi ilə danışmışıq. Qısa müddətdən sonra rayona gedib geniş görüş keçirəcəm. Bizim seçildiyimiz rayonla münasibətlərimiz hər zaman yüksək səviyyədə olacaq.
-Tahir bəy, hazırda Rusiya-Türkiyə münasibətləri son illərin ən kritik münasibətləri hesab olunur. Rusiyaya məxsus qırıcı təyyarənin Türkiyə hava məkanını pozması və bu səbəbdən də vurulması iki ölkə arasında münasibətləri mürəkkəbləşdirib. Bu məsələ hazırda dünya mediasında ciddi müzakirə mövzusudur. Sizin şərhiniz necədir?
-Əvvəla, mən Suriyada dörd dəfə olmuşam. Eləcədə Türkiyənin Suriya ilə sərhəd rayonu olan Xatay vilayətində də olmuşam. Mənim türkmənlərlə də söhbətim olub. Əslində türkmənlər Azərbaycana daha yaxındır. Məndə bir müsəlman, azərbaycan türki kimi türkmənlərin bombalanması, vurulması xoş gəlmirdi. Yəni bu hamının ürəyini ağrıdan məsələ idi. Ancaq hesab edirəm ki, Rusiya sıradan bir dövlət deyil. Kimlərsə istəyir ki, III dünya müharibəsi də müsəlman dövlətlərinin ərazisindən başlasın. Bəyəm biz müsəlmanlar çox əzilirik. Müsəlmanlar Suriyada, Liviyada, İraqda, Əfqanıstanda əzilir, öldürülür. İndi Türkiyəni də bu siyahıya qoşmaq
istəyirlər. Svilizasiya dağılır, insanlarımız ölür, iqtisadiyyat məhv olur. Odur ki, mənim fikrimcə, Türkiyə bir qədər ehtiyatlı mövqe tutmalı idi.
-Ehtiyatlı mövqe deyəndə konkret nəyi nəzərdə tutursunuz?
-Mənim şəxsi qənaətim belədir. Hadisədən dərhal sonra bəzi qərb dairələri Türkiyəni müdafiə edən mövqe sərgilədilər. Bu nəyi göstərir? Rusiyada açıq formada Türkiyəni hədələdi. Heç nədən konflikt yarandı. İraq olsun, heç nədən problemlər kəskinləşdi. Türkiyədə balestik raket zərbələrinə düçar olsa, ölən, yaralanan kim olacaq? Sem dayı okeanın o tayında əyləşib, nə vecinədir ki, Türkiyənin başına nə gələcək. Ona görə, bir qədər dözümlü olmaq lazımdır. Məsələn, Türkiyənin hava məkanını dəfələrlə Suriyaya məxsus təyyarələr pozub. Yalnız bir dəfə xəbərdarlıq atəşi açılıb, qalan hallarda xəbərdarlıq olunub. İndi Rusiyanın təyyarəsidir, xəbərdarlıq edilib. Mən baxıram ki, sosial şəbəkələrdə bizim qardaşlarımız bir emosiya içindədir. Düşünmürlər ki, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsi və ya pozulması bizim əleyhimizə olan durum yaradır. Azərbaycan özü bundan əziyyət çəkərdi. Azərbaycanın özünə lazımdır ki, Türkiyə-Rusiya münasibətlərində yaxınlaşma olsun. Çünki Türkiyə-Rusiya yaxınlaşması Dağlıq Qarbağ münaqişəsinin həllinə, Azərbaycanın işlərinin bir qədər də irəli getməsinə səbəb ola bilər. Ona görə də, mən düşünürəm ki, Türkiyə tərəfi təyyarə məsələsində bir qədər tələskin qərar verib. Ancaq bütün hallarda bu hadisə baş verib. İndi mümkün qədər təmkin və soyuqqanlı mövqe nümayiş etdirmək lazımdır. Arzu edirəm ki, hər iki tərəf məsələyə maksimum soyuqqanlı yanaşsın.
-Bundan sonra iki dövlət arasında münasibətlərin inkişaf trayektoriyası necə ola bilər?
-İndi görürsünüz ki, Jrinovski tipli siyasətçilər Rusiyada radikal çağırışlar edir, Türkiyəni vurmaq lazım olduğunu ifadə edir. Digər siyasətçilərdə buna oxşar mövqe göstərir. Türkiyə ilə münasibətlərin kəsilməsi təklifi ilə çıxış edən siyasətçilərdə var. Türkiyənin özündə də, aqressiya nümayiş etdirənlər var. Şəxsən mən belə mövqeləri ziyanlı hesab edirəm. Açıq deyim ki, Türkiyənin özü Rusiyadan çox faydalanırdı. Təsəvvür edin ki, milyonlarla insan turizm ölkəsi olaraq Türkiyəni seçirdi. Yüz minlərlə türk insanı Rusiyada tikinti sektorunda çalışırdı. İki dövlət arasında atom elektrik stansiyasının tikilişi məsələsi var idi. Qarşılıqlı ticarət dövriyyəsini 100 milyarda çatdırmaqla bağlı addımlar müşahidə olunurdu. Əlbət də, nə qədər deməsək də, Cənub Axını bizə rəqib idi və bunu demək problem deyil. Lakin bütün hallarda Rusiya ilə münasibətləri pozmaq olmaz. Kimsə hesab edirsə ki, Rusiya artıq zəifləyib, inkişafdan qalıb, bu özünü aldatmaqdan başqa bir şey deyil. Yada salmaq lazım deyil ki, Rusiya Amerika ilə birlikdə dünyadakı nüvə ehtiyatının 92 faizinə sahibdir. Yerdə qalan 200-dən çox dövlət isə bunun 8 faizini bölüşür. Elə etməyək ki, bu şapalaq bizə dəysin. Çünki bu iki dövlət bizim qonşumuzdur, güclü ölkələrdir. Onların münasibətlərinin pozulması bizə ciddi zərər olacaq. Biz ümid edirik ki, Rusiya-Türkiyə münasibətlərində ağıllı başlar qalib gələcək. Hesab edirəm ki, Azərbaycan rəhbərliyində elə insanlar olacaq ki, Rusiya-Türkiyə münasibətlərinin daha da sağlamlaşmasına cəhdlər göstərsin. Bir daha qeyd edirəm ki, burada söhbət Azərbaycana dost olan iki dövlət arasında münasibətlərin pozulmasından gedir. Bizdə çalışmalıyıq ki, bu iki ölkə arasında olan soyuq münasibətlər aradan qaldırılsın.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?