APA TV-nin məlumatına görə, 26 yaşlı gəncin 1350 manat borca görə əllərini balta ilə kəsiblər.
Bildirilir ki, Zaqatala şəhəri, Azərbaycan prospektində bina 39 ev 26 ünvanında yaşayan 26 yaşlı Vüsal Vahid oğlu Bəşirov hər iki qolunun bilək nahiyəsindən tamamilə kəsilməsi xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına daxil olub.
Təcili əməliyyata qaldırılan Vüsal Bəşirovun üzərində əməliyyat aparılıb və hər iki qolu biləkdən amputasiya olunub.
Hüquq-mühafizə orqanlarından APA TV-yə verilən məlumata görə, Zaqatala şəhər sakini, 30 yaşlı Araz Musayev və hələ ki adı açıqlanmayan şəxs Vüsalı Tala Çay çayının üstündəki simvolik asma körpünün altına apararaq, orada ağzını və əl-ayağını yapışqanlı lentlə bağlayıb, sonra qollarını biləkdən kəsib. Araz Musayev sonradan könüllü şəkildə Zaqatala Rayon Polis Şöbəsinə gələrək, özünü istintaqa təhvil edib.
Zərərçəkmişin atası Vahid Bəşirov APA TV-yə verdiyi açıqlamada oğlunun borcu olduğunu bildirib. Onun dediyinə görə, Bakıdan qayıdan oğlunu qarşılamağa gedib. Borclu olduğu şəxslər Vüsalı söhbət etmək adı ilə çayxanaya aparıblar. Oğlundan narahat olan V.Bəşirov onun mobil telefonuna zəng etsə də, ona zəng çatmayıb. Bir qədər sonra isə oğlunun telefonundan ona zəng gəlib. Danışan şəxs "oğlunun əllərini kəsmişik, get xəstəxanaya oğlunun yanına" deyib.
Polis şöbəsindən isə istintaq getdiyinə görə hadisənin təfərrüatları barəsində məlumat verilməyib.
Qeyd edək ki, əlləri kəsilən Vüsal Bəşirov əvvəllər məhkumluq həyatı yaşayıb. Hadisəni törədən Araz Musayevin isə vəhhabi təriqətinə mənsub olduğu bildirilir.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində araşdırmalar aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?