Zaqatalada fərdi yaşayış evində baş vermiş partlayış nəticəsində ev sahibi yanıq xəsarəti alıb. APA-nın məlumatına görə, partlayış bu gün axşam saatlarında Zaqatala şəhəri, Anar Həmidov küçəsi, 51 ünvanında Orqaniyev Şamil Nəbi oğluna məxsus, ümumi sahəsi 198 kv.m olan ikimərtəbəli fərdi yaşayış evinin mətbəxində baş verib.
Şamil Orqaniyev evin mətbəxinə daxil olaraq işığı alışdıran zaman anidən partlayış baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.
FHN-nin Zaqatala rayon DYMH-dən APA-ya verilən məlumata görə, partlayışa evin mətbəxində quraşdırılmış qaz plitəsindən qaz sızması səbəb olub. Partlayışın gücündən mətbəxin pəncərələrinin şüşələri sınıb, orada olan məişət avadanlığına ziyan dəyib.
Ev sahibi Şamil Orqaniyev aldığı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, Şamil Orqaniyevə hər iki əlinin və sifətinin II-III dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub, müalicəsi xəstəxanada aparılır.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?