MTN-nin keçmiş generalı narazıdır, kamerasının “soyuq olmasından” şikayətlənir.
MTN-nin zərərsizləşdirilən mütəşəkkil cinayətkar qruplaşmasının ən qəddar personası olan general Akif Çovdarovdan yeni məlumatlar var.
ANS PRESS-in məlumatına görə, virtualaz.org saytı hüquq-mühafizə orqanlarındakı mənbələrdən öyrənib ki, Çovdarov ona qarşı irəli sürülən çoxsaylı ağır cinayətlər ittihamları ilə razılaşmır. Üstəlik həbsinin “sifarişli və qərəzli olduğunu” iddia edir.
Məlumata görə, A.Çavdarov həbsini kimlərin sifariş verdiyini bildiyini də deyir.
Akif Çovdarov əli qandallı
Xatırladaq ki, Çovdarova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, reketlik, quldurluq əməlləri ilə yanaşı adam oğurluğu maddəsi üzrə də ittiham irəli sürülüb.
Mənbənin bildirdiyinə görə, A.Çovdarov saxlanılma şəraitindən də narazıdır, kamerasının “soyuq olmasından” şikayətlənir. Üstəlik səhhətində (ürəyində, mədəsində) ciddi problemlərin olduğunu əsas gətirərək müntəzəm həkim müayinəsi altında saxlanılmasını istəyir.
Həmçinin məlum olub ki, A.Çovdarov təxminən il yarım əvvəl vəzifəsindən istefa vermək istəyib. Səhhətinin yaxşı olmadığını əsas gətirərək o vaxtkı nazir Eldar Mahmudova müraciət edərək işdən azad olunmasını xahiş edib. Lakin Eldar Mahmudov öz “kassiri”nin işdən çıxmaq xahişini təmin etməyib.
Xatırladaq ki, bundan əvvəl Akif Çovdarovun saxlanılma şəraitindən və təcridxana işçilərinin onu sıxışdırmasından narazılıq edərək prezident İlham Əliyevə müraciət etməyə hazırlaşdığı haqda məlumat daxil olmuşdu.
Lakin Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzindən virtualaz.org saytına bildirmişdilər ki, A.Çovdarovun və onun vəkillərinin bu şikayətinin heç bir əsası yoxdur: “Akif Çovdarov və digərləri 1 saylı İstintaq Təcridxanasında milli qanunvericiliklə müəyyən olunmuş daxili nizamnamə qaydalarına uyğun saxlanılırlar”.
Yada salaq ki, Akif Çovdarov ifşa edilərək vəzifədən çıxarılmış sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun “şəxsi kassiri” və “boz kardinal”ı olub. A.Çovdarov uzun illər boyu ictimai xadimlərə, jurnalistlərə və iş adamlarına qarşı qanunazidd əməllər törətməsi ilə “məşhurlaşıb”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?