“Səfir olduğum müddətdə nardaranlılar İrana gəlib-gedirdi, eyni zamandan da İrandan kimlərsə Nardarana gəlib-gedirdi”
Əliyar Səfərli: “Baş verənləri dinlə, şiəliklə, hansısa məzhəblə bağlamaq doğru olmazdı, bu açıq təxribat idi”
Son günlər ölkə mediası əsasən Nardaranda baş verən hadisələrə köklənib. Nardaran qəsəbəsində polislə dindarlar arasında qarşıdurmanın yarandığı, insidentin silahlı atışma fazasına keçdiyi və nəticədə hər iki tərəfdən ölüm faktının qeydə alındığı bildirilir. Hadisə zamanı iki polis əməkdaşı və 5 dindar öldürülüb. Hazırda dindarların ölkədə şəriət dövləti qurmaq istədiyi, silaha sarılaraq terror fəaliyyətinə başlamaq niyyətində olduqları barədə fikirlər yayılıb. Qeyd edək ki, Nardaranda İran təsirinin olması yeni söhbət deyil. Daima mediada İranın bu kəndə hansısa formada təsirinin olduğu vurğulanır. Azərbaycanın İrandakı sabiq səfiri Əliyar Səfərli bu istiqamətdə olan suallara cavab verib.
- Əliyar müəllim, ötən həftə Nardaranda baş verən hadisəni necə qiymətləndirirsiniz?
- Nardaranda daima problemlər çıxırdı, sanki bu kənddə Azərbaycana qarşı mübarizə aparırdı. Kənardan belə görünürdü ki, kiçik bir kənddə müəyyən qruplar öz dövlətinə qarşı mübarizə aparmaqdadır. Mən hesab edirəm ki, Azərbaycan dövləti bu kimi hallardan razı qalmırdı və bunda haqlı idi. Məhz bəlli hadisədən sonra Azərbaycan dövləti bu kənddə vəziyyəti yoluna qoymaq üçün müəyyən tədbirlərə əl atdı. Əməliyyat aparıldı, daxili qoşunlar, polis kəndi nəzarətə götürdü. Məncə, bu ciddi və əhəmiyyətli məsələdir. Nardaranda bu hadisələrin səbəbi, kökü kimlə bağlıdır? Şübhəsiz ki, burada İran faktoru var. Sanki Azərbaycana qarşı təxribat işləri aparılır, hadisələr Azərbaycana qarşı yönəldilir. Eyni zamanda Azərbaycanın bəzi bölgələrində-Lənkəranda, Gəncədə, Bakının özündə bəzi satqın dindarlar belə fəaliyyət göstərirlər. Azərbaycan dövləti bu hadisələrlə bağlı çox sakit münasibət ifadə edirdi. Sonuncu Nardaran hadisəsi zamanı dövlət ciddi münasibətini ortaya qoydu. Çünki Nardaranda bəlli kəsim eyni məqsəd daşıyırdı və bu dövlətçiliyə qarşı fəaliyyət idi. Azərbaycan dövləti bu günə qədər Nardarana qarşı etirazlar həyata keçiribmi? Yox. Bəs nədən Nardaran Azərbaycan dövlətinə qarşı etirazını və təxribatını daima ortaya qoyur? Nardaran hadisələri ciddi şəkildə araşdırılmalıdır. Sanki bu kənd istədiyini etməlidir və bunda haqlıdır. Məsələn, indi deyirlər ki, kənddə qaz, işıq, su yoxdur. Əslində belə də olmalıdır. Çünki bunu onların əməllərinin nəticəsi ortaya qoyub. Odur ki, Nardaran hadisələrini ancaq müşahidə etməklə iş bitməz. Biz dövlətimizi qorumalıyıq, sevməliyik, təbliğ etməliyik. Xalqımızı, ziyalıları bu işlərə cəlb etmək lazımdır.
Amma məsələ ondadır ki, Nardaranda hadisələr ancaq dinlə bağlı deyil. Bu eyni zamanda təxribatlarla bağlıdır, siyasi məsələlər var. Ancaq işləri elə təqdim edirlər ki, sanki bütün problemlər ancaq dinlə, islamla əlaqədardır. Guya dindar olduqları üçün bu hallar baş verir, onlar haqlı tərəfdirlər. Azərbaycanın bütün rayonlarında dindarlar var, normal ibadət həyata keçirirlər, məscidlərə də gedib-gəlirlər. Nardaranda isə həyat, fəaliyyət ancaq dinlə bağlı deyil. Onlar həm də, sanki bütün xalqdan narazıdırlar. Biz Azərbaycan xalqı olaraq Nardaranın, orada səsləndirilən fikirlərin tərəfində deyilik və ola da bilmərik. Biz onları müdafiə etməməliyik. Bura Daxili Qoşunların göndərilməsi təsadüfi deyil. Əslində bu çoxdan olmalı idi. Hesab edirəm ki, bizdə öz sözümüzü çoxdan deməli idik. Lakin biz bunu etmirdik. Lakin indi öz sözümüzü deməli, münasibətimizi bildirməli və qeyd etməliyik ki, bura başqa bir dövlət deyil, Azərbaycandır. Mən dinlə bağlı daha çox şey bilirəm. Məsələn, İran islam ölkəsidir. Mən bu ölkədə səfir olaraq çalışmışam. Orada 30-40 milyon azərbaycanlı ağır vəziyyətdə yaşayır, xalq gecə-gündüz məscidlərdə ağlamaqdadır. Bəs onlar niyə öz haqlarında düşünmürlər. Bu. öz işləridir, ola bilsin ki, təbliğat belə gedib. Ümumiyyətlə baş verənləri dinlə, şiəliklə, hansısa məzhəblə bağlamaq doğru olmazdı, bu açıq təxribat idi. Azərbaycanın tərkibində müəyyən nökərlər, ökərçilik fəaliyyəti göstərir, təbliğat aparırlar. Və bəlli yerdən də müdafiə olunurlar. Bu qəbuledilməzdir. 40 milyonluq bir xalqın ana dilində məktəbi yoxdur. Amma İranda ermənilərin ana dilində məktəbi, mətbuatı, qəzet və jurnalları var. İranda Ararat qrupu fəaliyyət göstərir, təxribatlarla məşğul olur. Azərbaycana qarşı mübarizə aparır. Biz bütün bunları görür və anlayırıq. Amma Azərbaycan müstəqil, hüquqi və dünyəvi bir dövlətdir.
- İran parlamentinin üzvü Mənsur Həqiqətpur Nardaran yaşayan insanları ixtisasa səsləyib. Buna necə şərh etmək olar?
- Burada söhbət bir adamdan getmir. Belələri çoxdur, guya dəstək verirlər. Nardaranda müəyyən qüvvələrin fəaliyyəti bu və ya başqa bir şəxslə bağlı deyil. Bu qüvvələr konkret bəlli ölkəyə yaxındır, onlarla əməkdaşlıq içindədirlər. Bu açıq görünür. Azərbaycan müstəqil dövlətdir. Kimin nə deməsinin bizim üçün əhəmiyyəti yoxdur. Qoyun, həmin deputat gedib öz ölkəsinin problemi ilə məşğul olsun.
- Müsəlman Birliyi Hərəkatının sədri Hacı Taleh Bağırzadənin fəaliyyəti, verdiyi açıqlamaları necə qiymətləndirirsiniz?
- Hacı Taleh Bağırzadə Azərbaycan dövlətinin düşmənidir. Mən hesab edirəm ki, Azərbaycan dövləti Taleh Bağırzadəni tutmalıdır. Necə ki, artıq bu şəxs həbs edilib. Mənim qənaətimə görə,
bu şəkildə fəaliyyət göstərmək olmaz. Müsəlman Birliyi Hərəkatı adlı qurum və onun rəhbəri olan Taleh Bağırzadə Azərbaycan xalqına qarşı mübarizə aparır, dövlətimizə qarşı çıxışlar edirlər. Bu qətiyyən yolverilməzdir. Onların bu şəkildə fəaliyyətini sadəcə müşahidə etmək olmazdı. Ümumiyyətlə onların azad və sərbəst formada fəaliyyətinə yol vermək olmaz. Biz, bu kimi hallara qarşı sözümüzü deməli, buna qarşı ciddi fəaliyyətimizi ortaya qoymalıyıq. Bu mənim konkret mövqeyimdir. Belə şəxsləri cəzaçəkmə müəssisələrinə göndərmək lazımdır. Ümumiyyətlə niyə onlar fəaliyyət göstərir? Adicə bir məsələ, biz bir söz deyəndə bunlar bizə qarşı ciddi fəaliyyət göstərirlər, açıqlamalar verirlər. Elə bil biz bunları tənqid edirdik. Taleh Bağırzadəni şübhəsiz ki, müəyyən qüvvələr qoruyurdu, ona dəstək verirlər. Lap maddi yardımda edilə bilər. Bütün bunlar nə ilə bağlıdır? Səbəb budur ki, onlar hansısa ölkənin xeyrinə təbliğat aparırlar, məscidlərdə çıxışlar edirlər. Dini siyasət əslində yasaqdır, biz dünyəvi dövlətik. Bunlar dini məsələlərlə bağlı Azərbaycana qarşı fəaliyyət içindədirlər. Bunlar, əlbəttə dindar deyillər. Buna heç bir şübhə yoxdur. Gedib Nardaranda fəaliyyət göstərmək, bir kəndi ölkəyə qarşı qaldırmaq, dini siyasiləşdirmək qətiyyən yolverilməzdir. Biz başa düşürük ki, bütün bunlar Azərbaycana qarşı fəaliyyətdir. Sual olunur, axı siz kimsiniz ki, Azərbaycan dövlətinin rəsmi strukturlarına müqavimət göstərirsiniz, polislə silahlı qarşıdurmaya gedirsiniz? Nəticədə də, iki polis dünyasını dəyişir. Bunu niyə edirsiniz? Əgər fəaliyyətiniz şəffafdırsa, normal fəaliyyətiniz və addımlarınız olursa, nədən hüquq mühafizə orqanlarına müqavimət göstərirsiniz? Demək sizin məqsədiniz tam başqa olub. Mən hesab edirəm ki, bu cür fəaliyyət cavabsız qala bilməzdi. Onlara qarşı hüququn imkan verdiyi istiqamətdə addımlar atılıb. Şübhəsiz ki, cəzada olmalıdır. Ümumiyyətlə Azərbaycan üçün zərərli fəaliyyət olmaz. Dinlə məşğul olmaq ayrı, dindən istifadə edib siyasətlə məşğul olmaq tam ayrı bir məsələdir.
- Azərbaycanın İran İslam Respublikasındakı səfiri vəzifəsində çalışmışınız. Nardaran da bəlli qüvvələr qonşu İrana tez-tez gedib gəlirdi?
- Bəli, mən dörd il İranda səfir olaraq çalışmışam. Şübhəsiz ki, bu ölkəyə gəlib-gedən azərbaycanlılardan da az-çox xəbərim olub. Əvvəla, qeyd edim ki, İranda bəlli qüvvələr var ki, onlar Azərbaycana qarşı fəaliyyət göstərirlər və erməniləri açıq müdafiə edirlər. Bu gizli bir məsələ də deyil. Belə qüvvələr əksər yerlərdə də var. Onlar qəzet və jurnallarda məqalələr yazır, televiziyada çıxış edirlər. Bayaq dediniz ki, hansısa deputat çıxış edib. Belə hallar mümkündür. Mən dörd il ərzində səfir olmuşam. Hələ o zamanlar göstərirdim ki, nardaranlılar İrana gəlib-gedirdilər. Eyni zamandan da İrandan kimlərsə Nardarana gəlib-gedirdi. Belə hallar müşahidə olunurdu. Əlbəttə ki, burada əsas məqam olaraq dini yaxınlıq qeyd olunurdu. Biz din altında siyasət aparmağı qəbul edə bilmərik. Məhz bu səbəbdən də, qeyd edirəm ki, biz bir vətəndaş
olaraq bu məsələni sadəcə müşahidə etməklə başa çatdıra bilmərik. Azərbaycan Respublikasının ziyalıları, alimləri, akademikləri, söz adamları öz mövqeyini ortaya qoymalıdır, məqalələr yazmalıdır, reallığı ortaya qoymalıdır və insanlarımız nəyin baş verdiyini bilməlidir. Münasibətimiz və mövqeyimiz ortada olmalıdır. Biz indiki halda Nardaranda baş verən hallara biganə qala bilmərik. Biganəlik bu nöqtədə Azərbaycan dövlətçiliyinə düşmənçilik anlamına gələrdi. Biz fəaliyyətimizi ortaya qoymalıyıq. Ciddi şəkildə mübarizəmiz olmalıdır. Yalnız bu halda bir çox problemlərimizi həll edə bilərik. İctimai rəyi biz formalaşdırmalıyıq. Azərbaycanda dövlətə qarşı fəaliyyət bütün hallarda rədd edilməlidir.
Sorğu
Yeni dizaynımız necədir?