Ceyranbatan qəsəbəsində, "Asfalt zavodu" deyilən ərazidə yaşayan sakin Elxan Mahmudov işıq idarəsindən narazılıq edir. Narazılığa səbəb isə sayğac üçün ondan, dediyinə görə, 150-200 manat istənilməsidir.
Şikayətçi bildirir ki, evlərinə sayğac qoyulub, lakin işıq idarəsindən sayğacın kodunu verməyiblər, pul istəyiblər: "Problemi həll etmək üçün demək olar ki, hər gün işıq idarəsinə gedirdim. Deyirdilər ki, pul köçürməsəniz, kodu vermək mümkün olmayacaq. Hərəsi də bir qiymət deyirdi. İşıqçəkənlər əvvəl 150 manat istədilər. Sonra dedilər ki, 120 manata razılaşarıq. İşıq idarəsindən isə bildirdilər ki, 200 manat ödəməlisiniz. Çox get-gəldən sonra, nəhayət, kodu verdilər. İndi də bizə 360 manat cərimə yazıblar. Deyirlər ki, bəs kod üçün pul verməyəndə, bilmirdinizmi belə olacaq".
Sakinin sözlərinə görə, həmin ərazidə sayğac heç də hamıya pulla quraşdırılmayıb: "Bir neçə qonşu var ki, onlardan pul istəməyiblər".
"Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Azadlıq" radiosuna bildirib ki, əgər evin texniki şərti varsa, bunun üçün pul almağa ixtiyarları yoxdur: "Texniki şərt yoxdursa, onda pul ödənməlidir. Pulu isə əməkdaşlara vermək olmaz. Ödənişi banka və ya idarəyə edib çek almaq lazımdır".
Elxan Mahmudov isə evinin texniki şərtinin olduğunu söyləyir.
Sorğu
Yeni dizaynımız necədir?