“Məni polis şöbəsində ac-sus, soyuq yerdə saxladılar”
Samir Həsənov: “Rayon rəhbərliyinin fəaliyyətini tənqid etdiyimə görə təzyiqlərə məruz qalmışam”
Son vaxtlar Şəki şəhərində küçədə xuiliqanlıq etmək, səs-küy yaratmaqla vətəndaşların rahatsızlığının pozulmasına səbəb olma halları artıb. Artıq bununla bağlı hüquq-mühafizə orqanlarına bir neçə şikayət də daxil olub. Şikayət əsasında xırda xuliqanlıq əlamətləri törədən şəxslərin barəsində sərt tədbirlər görülüb. Bu tədbirlərin nəticəsi olaraq vətəndaşla hüquq-mühafizə orqanlarının arasında məhkəmə çəkişmələri, müvafiq qurumlara şikayətlərin edilməsi halları da artıb.
Şəki polisinin hərəkətlərindən məhkəməyə şikayət edənlər arasında rayon sakini, 1984-cü il təvəllüdlü Samir Həsənov da var. Samir Həsənov polisə müqavimət göstərməkdə və xırda xuliqanlıqda ittiham edilib.
Samir Həsənov 10 noyabr 2015-ci il tarixdə, saat 22 radələrində avtomobilin sürücüsü olan Mübariz adlı şəxsdən maşının açarlarını alaraq polis əməkdaşlarına təqdim etməyib. Onu polis əməkdaşları tərəfindən nizam-intizama dəvət etsələr də, polisin qanuni tələbinə tabe olmayıb.
İnzibati xətalar Məcəlləsinin 296 (Xırda xuliqanlıq) və 310.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinib və Şəki Rayon Məhkəməsinin qərarı ilə 4 gün müddətinə inzibati qaydada həbs edilib. Həmin qərarından Samir Həsənov apelyasiya şikayəti verib.
Samir Həsənov bildirib ki, Şəki şəhərində yaşayır və Azərbaycan Xalq Cəhbəsi partiyasımn üzvüdür: “İctimai və fəal gəncəm. Sosial şəbəkələrdə Şəkidə baş verən hadisələri işıqlandırıb, rayon rəhbərliyinin fəaliyyətini tənqid etdiyimə görə təzyiqlərə məruz qalmışam. Şəki şəhərində Çayxanada işləyirəm. Noyabrın 10-da çayxanada olarkən orada bir nəfərlə birlikdə pivə içən Mübariz adlı şəxsi polis əməkdaşları
çağırdılar. Polis əməkdaşları Mübarizdən maşının açarlarını istədikdə, Mübariz adlı şəxs açarı verməkdən imtina etdi”.
“İzahatımı təzyiq və təhdid altında yazdım”
Şikayətçinin sözlərinə görə, bundan sonra polis əməkdaşları açarları Mübarizdən yenidən istəyiblər. O, qeyd edib ki, bu zaman Mübariz açarları polis əməkdaşlarına verib: “Lakin buna baxmayaraq Mübarizi polis şöbəsinə apardılar. Məni də həmin vaxt polis şöbəsinə gətirdilər və noyabrın 11-də, saat 19 radələrində məhkəməyə qədər orada saxlanıldılar. Polis şöbəsində heç bir şey izah etmədən barəmdə inzibatı qaydada tutma protokolu tərtib etdilər. Bir müddət sonra barəmdə İnzibati xətalar Məcəlləsinin 296 (Xırda xuliqanlıq) və 310.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə inzibati xəta haqqında protokol tərtib edildi və izahatımı aldılar. İzahatımı təzyiq və təhdid altında yazdım. İnzibatı xəta haqqında protokolun surəti məhkəmə qərarını aldıqdan sonra təkid edərkən mənə təqdim olundu. Digər sənədlərlə tanış olmağıma imkanı yaradılmadı”.
“Məhkəmə şahid olmaları bəlli olmayan ki, polis əməkdaşını dindirib”
Samir Həsənov əlavə edib ki, İnzabati Xətalar Məcəlləsinin 398.2-ci maddəsinə əsasən inzibati qaydada tutulan şəxsə bu Məcəllə ilə müəyyən edilmiş hüquqları izah olunmalı, bu barədə inzibati qaydada tutma haqqında protokolda müvafıq qeyd aparılmalıdır: “İnzaibati Xətalar Məcəlləsinin 400.1.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxsi tutma haqqında hər bir halda protokol tərtib edilir və orada tutmanın vaxtı və səbəbləri göstərilir. Məcəllənin 401.1.2-ci maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını bildirmək, onun hüquqlarını izah etmək tədbirləri görür. İnsan hüquqlarının və Əsas Azadlıqlarının Müdafıəsi haqqında Avropa Konvensiyasının (Avropa Konvensiyası) 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli
sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. Bundan əlavə əgər o, doğurdan da küçədə ictimai qaydanı pozubsa, o zaman insanları narahat etməli idi. Bu halda yoldan keçən insanlardan kimlərsə şahid qismində dindirməli idilər. Lakin, məhkəmə haradan şahid olmaları bəlli olmayan ki, polis əməkdaşını Bəhruz Məmmədov, Cabır Alıyev və Kənan Səmədovu dindirib”.
“Məhkəmə araşdırması ədalət mühakiməsinin standartlarına cavab verməyib”
Samir Həsənov bildirib ki, məhkəmə həmçinin hadisənin şahidi olmuş və özü məhkəməyə müraciət etmiş Həsənov İslam Rüstəm oğlunun da ifadəsini dinləyib: “Lakin məhkəmə İslam Həsənovun ifadəsinə hüquqi qiymət verərək belə qənayətə gəlib ki, o qardaşı Samir Həsənova kömək etmək məqsədi ilə qərəzli ifadə verib. Ona görə də hesab edirəm ki, məhkəmə araşdırması ədalət mühakiməsinin standartlarına cavab verməyib. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin (açıq və bərabərlik prinsipi əsasında məhkəmə araşdırması hüququnun), 6-cı maddəsinin 3a bəndinin (tutulmanın səbəblərinin izah edilməsi hüququnun), 6-cı maddəsinin 3b bəndinin (ittihamın sübutlarına çatımlılıq və özünü müdafiə imkanı olması hüququnun) və 6-cı maddəsinin 3d bəndinin (şahidlərin dindirilməsinə nail olmaq hüququnun) pozuntusu ilə keçib. Şahid İslam Həsənovun Xalqbank-ın kameralarının görüntülərinin məhkəməyə gətirilməsi xahişi məhkəmə tərəfindən təmin olunmayıb”.
5 min manat kompensasiya tələbi
Samir Həsənovun sözlərinə görə, Şəki Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli qərarının ləğv edilməsini, İnzibati Xətalar Məcəlləsinin 436.1.4-cü maddəsinə uyğun olaraq, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini hakim kollegiyasında istəyib. O, həmçinin tutulması zamanı prosessual hüquqlarının pozuntusu, o cümlədən tutulmanın səbəbləri barədə məlumat verilməməsi, yaxınları ilə əlaqə saxlanılmasına imkan verilməməsi, hüquqlarının izah olunmaması, tutulma anından müdafıəçi ilə təmin olunmamağı, izahatlarını təzyiq və
təhdid altında məcbur verməyi qeyd edib. O, bildirib ki, 10 noyabr saat 22-dən 11 noyabr saat 19:00-a kimi polis şöbəsində ac-susuz, soyuq otaqda yuxusuz saxlanılıb. O, bütün bu faktlarının qanunsuz hesab edilməsini, insan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında Konvensiyanın 5,6 və 11-cı maddələrinin pozuntusu kimi qiymətləndirilməsini tələb edib.
Şikayətçi əlavə edib ki, hüquqlarını pozmuş polis işçilərinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün qanunla nəzərdə tutulmuş hərəkətlərin edilməsini və qanunsuz həbsdə saxlanılmağı ilə əlaqədar keçirdiyi psixoloji gərginliklər və sarsıntılar mənəvi ziyan kimi qiymətləndirilməlidir. Samir Həsənov bunun əvəzi olaraq 5 min manat həcmində kompensasiya ödənilməsini istəyib. Amma Şəki Apelyasiya Məhkəməsində işə baxan hakim kollegiyası Samir Həsənovun şikayətini təmin etməyib.
Mübariz adlı şəxs kimdi?
Oxşar hadisə Şəki şəhərində Ağdaş şəhər sakini, 1963-cü il təvəllüdlü Aydın Əlməmmədovun da başına gəlib. Aydın Əlməmmədov 10 noyabr 2015-ci il tarixdə, saat 22.00-da Samir Həsənovun çayxanasında Mübariz adlı tanışı ilə pivə içib. Sonra çayxananın qarşısında Mübariz adlı şəxslə mübahisə edən polislərin yanna gedib. Onu da polislərə müqavimət göstərməkdə günahlandırıblar.
Aydın Alməmmədovun barəsində İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) və 310.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham edilib. Şəki Rayon Məhkəməsinin qərarı ilə 4 gün müddətinə həbs edilib.
Məhkəmənin qərarından narazı qalan Aydın Əlməmmədov apelyasiya şikayəti verərək, qanunsuz olaraq həbs edildiyini, onu həbs edən polis əməkdaşlarının məsuliyyətə cəlb edilməsini istəyib. Məhkəmədə izahat verən Aydın Ələmmədov bildirib ki, noyabrın 10-da, Mübariz adlı tanışı ilə Şəki şəhərində yerləşən çayxanalardan birində oturublar: “Çayxanada hərəmiz bir bakal pivə içdik. Sonra təxminən saat 22 radələrində polis
əməkdaşlarının Şəki şəhərində yerləşən “XalqBank”ın yanındakı çayxananın qarşısında tanışım Mübarizlə söhbət səslərini eşitdim. Buna görə də çayxanadan çölə çıxdım. Polis əməkdaşlarına yaxınlaşaraq məsələni yerindəcə həll etmələrini təklif etdim. Lakin polislər onların işinə müdaxilə etməməyimi istədilər. Polis əməkdaşları ilə aramızda anlaşılmazlıq və yüngül mübahisə yarandı. Lakin həmin vaxt heç bir nalayiq ifadə işlətməmişəm. Polis əməkdaşları ilə yüngül mübahisə mənim barəmdə inzibati xəta haqqında protokolun tərtibi üçün əsas ola bilməzdi. Bu səbəbdən də barəmdə tərtib edilmiş protokolla razı deyiləm”.
Məhkəmədə polislər nə deyib?
Şəki şəhər-rayon Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı Hümmət Qədirov bildirib ki, Aydın Əlməmmədov noyabrın 10-da, saat 22.00 radələrində Mübariz adlı şəxsi intizama dəvət edən polis əməkdaşlarının qanuni fəaliyyətinə müdaxilə edib, ucadan nalayiq ifadələr işlədib. Polis zabitinin sözlərinə görə, ərazidə xidmət aparan polis əməkdaşları yaxınlaşaraq Aydın Əlməmmədovu sakitləşdirərməyə cəhd göstərsələr də, o öz hərəkətlərini davam etdirib, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan boyun qaçırıb. Buna görə də barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Məhkəmə iclasında şahid qismində dindirilən Şəki Polis Şöbəsinin Post Patrul Xidməti Taborunun polis nəfəri Cabir Alıyev qeyd edib ki, noyabrın 10-da iş yoldaşları Kənan Səmədov və Bəhruz Məmmədovla birlikdə Şəki şəhəri ərazisində xidmət aparıb: “Həmin gün saat 22 radələrində xidmət zamanı Mübariz adlı şəxsin “VAZ-2106” markalı avtomaşını yolun əks hərəkət zolağı ilə idarə etməsinin şahidi olduq. Bu səbəbdən həmin avtomaşının arxasınca gedərək onun “XalqBank”ın yanındakı çayxananın qarşısında dayandığını gördük və yaxınlaşaraq avtomaşını yolun əks hərəkət zolağı ilə idarə etməsinə irad tutduq. Bu zaman Aydın Əlməmmədov çayxanadan çıxaraq bizə yaxınlaşdı və bizə irad tutaraq kobudluq etdi. Ondan polisin qanuni fəaliyyətinə müdaxilə etməmək tələbimizə baxmayaraq, buna məhəl qoymadı, ucadan nalayiq ifadələr işlətdi. Aydın Əlməmmədov “Azərbaycanda qanun yoxdur”,
“qanun işləmir” sözlərini təkrarladı. Bu səbəbdən də onu kömək məqsədi ilə dəvət edilmiş polis əməkdaşlarının yardımı ilə polis şöbəsinə gətirdik".
Hakim heyəti tərəflərin izahatını dinləyəndən sonra Aydın Əlməmmədovun apelyasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərar elan edib.
Burada ən maraqlı məqam ondan ibarətdir ki, iki gənc polis tərəfindən saxlanılıb, onların barəsində polis şöbəsində inzibati qaydada protokol tərtib edilib. Həmin protokol əsasında Şəki Rayon Məhkəməsində ayrı-ayrılıqda iki proses keçirilib.
Nəticə olaraq iki gənc məsuliyyətə cəlb edilib və barələrində izibati qaydada həbs qərarı çıxarılıb. Həbs olunan şəxslər tutulmalarını qanunsuz hesab edilməsi ilə bağlı apelyasiya şikayəti keçirilib. İki ayrı-ayrılıqda keçirilən proseslərə hakimlər baxıb. Amma Mübariz adlı şəxsin kimliyini ortaya çıxaran olmayıb.
Hərçəndki Mübariz adlı şəxs Samir Həsənovun işlədiyi çayxanada digər saxlanılan Aydın Əlməmmədov ilə birlikdə pivə içiblər. Polislərdə Mübariz adlı şəxsin arxasınca gəliblər. Ona görə də həm Samir Həsənov, həm də Aydın Əlməmmədov polislərlə mübahisə ediblər. Buna görə də hər iki şəxs həbs olunub, amma Mübariz adlı şəxs həbs edilməyib.
Sorğu
Yeni dizaynımız necədir?