Yanvarın 8-də səhər saatlarında Neftçala rayonunun Xəzər sahilində yerləşən kəndlərinin balıqçıları Neftçala- Salyan avtomobil yolunu bağlayıblar.
Bu barədə Azadlıq Radiosuna aksiya iştirakçılarının özləri məlumat veriblər. Aksiyada 100-ə yaxın balıqçı və kəndlinin iştirak etdiyi söylənilir.
Aksiyaya səbəb isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının balıq ovuna imkan verməmələri göstərilir. Hadisə yerinə polis əməkdaşları gəlib. Bundan sonra balıqçılar yolu açıblar. Ancaq insanların heç də hamısı ərazidən uzaqlaşmayıblar.
«SONRA DEYİLMƏSİN Kİ, NAZİRLİK HARA BAXIR»
AzadlıqRadiosuna açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Rasim Həsənov bildirib ki, etiraz edən şəxslər qanunsuz balıq ovu ilə məşğul olmaq istəyənlərdir:
«Bu o deməkdir ki, tərəfimizdən balıq ovu ilə məşğul olanların, brakonyerliyin qarşısı alınır. Yəni biz qanun çərçivəsində bu şəxslərdən tələb edirik ki, qanuni prosedurlara əməl etsinlər, sadələşdirilmiş qaydada balıq ovlama bileti alsınlar».
Rasim Həsənov balıqçılara qanunsuz balıq ovuna dəstək verən və belə aksiyalar təşkil edən «bəzi himayədarların fitnəsi»nə getməməyi tövsiyə edir:
«Hər şeyi qanuni yolla həll etmək mümkündür. Ehtimal edirik ki, bununla razılaşmayanlar, aksiyanı təşkil edənlər rayonda qanunsuz balıq ovunun himayədarlarıdır. Digər tərəfdən, biz bu qanuni tələbləri irəli sürməyə bilərik, amma brakonyerlik baş alıb gedəndə deyilməsin ki, nazirlik hara baxır».
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?