Azərbaycanla qonşu ölkələrdə "donuz qripi"nə (H1N1) yoluxanların və bu xəstəlikdən ölənlərin sayı durmadan artır. Hər gün Türkiyə, İran, Rusiyada H1N1 virusundan onlarla insan ölür. "Donuz qripi"nin aşkar olunduğu bu ölkələrə çoxlu sayda azərbaycanlının gedib-gəldiyini nəzərə alsaq, xəstəliyin ölkəyə keçmə ehtimalı da böyükdür.
"Donuz qripi" ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə qrip və kəskin respirator infeksiyalara şübhəli xəstələr barədə dərhal məlumatların Səhiyyə Nazirliyinə təqdim olunmasının təminatı, Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəhbərliyinə sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq "donuz qripi" baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasının təminatı, Respublika Taun Əleyhinə Stansiyasının rəhbərliyinə "donuz qripi"nin laborator diaqnostikasının aparılması üçün hazırlıq tədbirlərinin görülməsi tapşırılıb.
Adim.az bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən modern.az-a deyilib ki, əgər yerli poliklinikalara və ya xəstəxanalara "donuz qripi" şübhəsi ilə müraciət edən xəstələr olarsa, onların analizləri Taun Əleyhinə Dispanzerin laboratoriyasına göndərilir və bu təhlükənin olub-olmadığı yüksək səviyyədə yoxlanılır.
"Epidemioloji vəziyyət Səhiyyə Nazirliyinin diqqət və nəzarətindədir. Bununla bağlı bizə hər gün müraciətlər edilir və onların analizləri təhlil edilir. Şükürlər olsun ki, bu günə qədər elə bir fakt aşkarlanmayıb".
Nazirlikdən bildirilib ki, insanlar "donuz qripi"nə yoxlub-yoluxmadıqlarını bilmələri üçün ərazi poliklinikalarına və ya Taun Əleyhinə Dispanserə müraciət etməlidilər.
"İnsanların xəstəliyə yolub-yoluxmadıqları adi halda bilinmir. Ona görə onlar müraciət etməlidirlər ki, patologiyanın olub-olmaması aşkarlansın. Əgər varsa, müalicə etmək lazımdır".
"Donuz qripi" xəstəliyinin əlamətlərinə görə adi qripdən heç fərqlənmir. Adi qripdə olduğu kimi yoluxmuş şəxslərdə yüksək temperatur, öskürək, boğazda ağrı, zökəm, əzginlik, başağrı, titrətmə, bəzən ishal və qusma baş verə bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?