Mərhum jurnalistin ailə üzvləri təqsirləndirilən şəxsləri yalan danışmaqda suçladı
Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı həbs edilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Eldar İsmayılov sədrlik edib.
Məhkəmədə təqsirləndirilən Kənan Mədətov ifadə verib. O bildirib ki, 3 ildir Elşən İsmayılovla dostluq edir. Hadisə baş verən gün Elşən onu Bayıla çay içməyə dəvət edib: “Elşəni Bayıla maşınımla mən aparmışam. Ora çatanda Elşən sonradan adını bildiyim Rasim adlı şəxsə yaxınlaşıb “sən idin məni söyən” deyə soruşdu. O da dedi ki, əcəb edib söymüşəm. Sonra dava düşdü. Rasim yerə yıxıldı. Mən uşaqlara “vurmayın” dedim. Hadisə 5-10 saniyənin içində baş verdi”.
Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini təkzib etdi: “Mənim bu gün 21 yaşım tamam olur. Özümü cinayəti bilib xəbər etməməkdə təqsirli bilirəm. Bu hadisə mənə çox pis təsir etdi. Sonra Bibiheybət məscidinə gedib namaz qıldım”.
Digər təqsirləndirilən şəxs Arif Əliyev də ifadəsində Bayıla çay içməyə getdiklərini dedi: “Elşən dedi ki, telefonda Rasim məni söyüb. Bayıla çatan kimi Elşən Rasimi vurdu. Həmin vaxt yerə telefon düşmüşdü, mən həmin telefonu götürdüm. Rasimin öldüyü barədə səhəri gün xəbər tutdum”.
Zərərçəkmişlər isə təqsirləndirilən şəxsləri yalan danışmaqda günahlandırdı. Proses yanvarın 19-dək təxirə salınıb.
Qeyd edək ki, Rasim Əliyev avqustun 8-də paytaxtın Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyüldükdən sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avqustun 9-da gecə xəstəxanada vəfat edib.
Bununla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Faktla bağlı yuxarıda adı sadalanan şəxslərlə yanaşı “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da saxlanılıb. O, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham edilir. Ancaq sonradan Cinayət işinin materiallarından C.Hüseynovla bağlı iş ayrıca icraata götürülüb.
Adı sadalanan beş nəfər Rasim Əliyevi facebook səhifəsində Cavid Hüseynov haqqında yazdığı fikirlərinə görə döyüblər.
Sorğu
Yeni dizaynımız necədir?