Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı həbs edilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Rasim Əliyevin anası Teyfurə Əliyeva çıxış edərək bildirib ki, Rasim uşaq deyildi və işlədiyi yerdə videoçəkilişlər qrupuna rəhbərlik edib: “Rasim uzun müddət babasının himayəsində yaşayıb. Onun babası da bir neçə dəfə deputat seçilmiş şəxs idi. Ona görə də, Rasim özünü aparmağı yaxşı bilirdi, ailəsini, ölkəsini sevirdi. Cavidin əl hərəkətini stadionda hamı görüb. Rasim də buna iradını bildirib, bu onun xoşuna gəlməmişdi. Ümumiyyətlə, ayağın yaxşı işləməsi, top vurması nə tərbiyədən, nə də əxlaqdan xəbər verir. Rasim istəmirdi ki, xalqı beləsi təmsil etsin”.
Teyfurə Əliyeva həmçinin bildirib ki, onun övladını aldadaraq hiylə ilə evdən çıxarıblar. Bir neçə təpiyin birdən dəyməsi isə onun daxili orqanlarını zədələyib: “O, elə yerində də ölə bilərdi. Rasim bu cür döyülməsəydi, xəstəxanalıq olmazdı. Həkimlər də bu onu bu hala salanlar da tutduqları işə görə cavab verməlidirlər. Təqsiri gah Rasimin, gah da həkimin üzərinə atırlar. Bu, Cavidin rəhbərliyi ilə təşkil olunmuş bir işdir. İndi özünü günahkar bilmir, halbuki, insan həyatına son qoyub”.
Sonda ittiham olunan şəxslərə son söz üçün vaxt verilib, onlar isə hazır olmadıqlarını bildiriblər. Proses martın 17-də davam etdiriləcək.
Xatırladaq ki, ann.tv-nin əməkdaşı Rasim Əliyev facebookda futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə 8 avqust, 2015-ci ildə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ertəsi gün orada vəfat edib.
Bununla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs-qətimkan tədbiri seçilib.
O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu
E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə səbəb olmuş futbolçu, “Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun barəsindəki cinayət işi digər təqsirləndirilən şəxslərin işindən ayrılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?