20 Yanvar faciəsində şəhid olmuş Larisa Məmmədovanın atası Fərman Məmmədov “ANS” Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevi məhkəməyə verir. Səbəb Vahid Mustafayevin ssenaristi və rejissoru olduğu “Qanlı yanvar” filmində Larisa Məmmədovanın 13 yaşına baxmayaraq nikahsız hamilə qadın obrazında təqdim olunması, Azərbaycan tarixinin təhrif edilməsi və ümumilikdə xalqın azadlıq hərəkatına qarşı məqamların yer almasıdır. Bu barədə məlumatı Cebhe.info-ya Larisa Məmmədovanın atası Fərman Məmmədov verib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı vəkillə danışıqlar aparılır: “Məsələ ilə bağlı məsləhətləşmələr aparırıq. Larisa tək mənim şəhidim deyil ki, bütün xalqın şəhididir. Qızımın simasında bütün xalq təhqir olunub. Əsas tələbim o olacaq ki, xalqdan üzr istəsin. “Şəhid” sözünü Vahid Mustafayev adi hesab edir. Bu gün məhkəmə ilə bağlı vəkillə görüşəcəyik və bunu həll edəcəyik”. Vəkil Mehman Muradlı Cebhe.info-ya bu həftə ərzində Fərman Məmmədovun məhkəməyə müraciət etməsi üçün lazımi sənədləri toplayacağını deyib: “Hələki sənəd işləri ilə məşğuluq. Əsas tələbimiz o filmin tamamilə nümayişdən yığışdırılması olacaq. Hətta belə ola bilər ki, ən azından Larisa Məmmədovanın obraz kimi canlandırdığı hissə filmdən çıxarılsın. Bu, həmçinin ictimaiyyətin mövqeyindən də asılı olacaq. Əslində o filmdə məsələlər təhrif olunub”. Vəkil əlavə edib ki, Fərman Məmmədovun məhkəmə tələblərinin içərisində təzminat məsələsi də var: “Bu isə sırf onunla əlaqədardır ki, filmin yayımlanmasından sonra Fərman Məmmədov ailəsi ilə birgə məcburi yaşayış yerlərini dəyişib. Ona müəyyən basqılar olub. Bu mənada Fərman Məmmədova dəymiş maddi və mənəvi təzminatın məbləği irəlidəki günlərdə müəyyənləşəcək”. Alçina Amilqızı
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?