Hüquq-mühafizə orqanlarından anspress-ə verilən məlumata görə, Şirvan şəhəri Səməd bəy Mehmandarov küçəsi, ev 16 ünvanında yaşayan, 1973-cü il təvəllüdlü Səfayət Malik oğlu Ağayev özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intihar edib. 43 yaşlı kişinin asılmış meyidini onun həyat yoldaşı tapıb.
Məlumata görə, S.Ağayev intihardan əvvəl məktub yazıb və məktubunda işsizliyini, çoxlu borcunun olmasını, buna görə də belə bir addım atdığını qeyd edib. Özünü asan kişi ailəlidir və uzun müddətdir işsiz imiş.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bu, borca görə baş verən ilk hal deyil. Belə ki, ancaq ötən gün iki belə hadisə olub. Bakıda borca görə intihar qeydə alınıb. Xəzər rayonunun Binə qəsəbəsində yaşayan qəsəbə sakini, 1977-ci il təvəllüdlü Aynur Cəfər qızı Xancanova özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intihar edib. Canına qəsd edən qadının iki övladı məktəbdə dərsdə, əri isə işdə olub. 39 yaşlı qadının intihar etməsinə səbəb olaraq onun ailəsinin böyük miqdarda borcu olması göstərilir.
Ağcabədi rayonunda da intihara cəhd baş verib. Şəhər sakini, 1964-cü il təvəllüdlü Zərnişan Şəfayət qızı Ələkbərova yaşadığı evin həyətində üzərinə yanacaq tökərək özünü yandırıb. 52 yaşlı qadının özünü yandırmasına ilkin ehtimal olaraq onun ailə üzvlərinin külli miqdarda borcu olduğu göstərilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?