Azərbaycan üzv olduğu insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının icrası qaydalarını dəyişdirir. Milli Məclisin yaz sessiyasında bununla bağlı yeni qanunun qəbul edilməsi nəzərdə tutulub. Yeni qanun Konstitusiya qanunu statusunda olacaq. Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə bir neçə dövlətlərarası orqanın üzvdür. Bunlar İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa Şurası, BMT və başqa qurumlardır.
Mövzu ilə bağlı “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, artıq Azərbaycanın getdiyi yol məlumdur: “İstiqamət məlumdur. Bu baxımdan bu cür qanunların qəbulu, hökumətin bu cür reaksiyaları sadəcə mənasızdır. Azərbaycan hökumətinin uzun müddət ərzində apardığı ABŞ-la, Qərblə kəllə-kəlləyə gəlmək siyasəti ölkəni indiki duruma salıb. Atılan addımların davamı mövcud vəziyyəti daha da pisləşdirəcək.
Hökumət artıq geriyə dönməz bir prosesə daxil olub. Bu qanunun Milli Məclisin yaz sessiyasında qəbul olub-olmayacağının heç bir mənası yoxdur. Proses başlayıb və çox sürətlə gedir. Azərbaycan yeni bir eraya daxil olub. Bu artıq dəyişikliklərin ilkin görüntüləridir. Bu cür addımlar ölkəni normal duruma gəlib çıxmasına səbəb olacaq. Bu qaçılmazdır. Artıq heç bir addım hakimiyyəti xilas etmək iqtidarında deyil”.
Sorğu
Yeni dizaynımız necədir?