Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd olan milyarder Donald Tramp Meksika ilə sərhəddə divarın tikilməsini təklif edib.
Azvision.az `MSNBC`-ə istinadən xəbər verir ki, Tramp bu layihəyə 8 milyard dollar xərclənəcəyini bildirib.
Siyasətçi, həmçinin divarın tikintisini Meksika tərəfinin ödəməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, 8 milyard dollar ABŞ-ın latın amerikası ölkəsinə görə itirdiyi məbləğin yalnız cüzi bir hissəsidir.
Prezidentliyə namizəd əlavə edib ki, divarın hündürlüyü 35-40 fut (10-12 metr), uzunluğu isə təxminən 1000 mil (1600 kilometr) olacaq.
Tramp söz verib ki, divarda insanların ABŞ-a daxil olması üçün `böyük və gözəl qapılar` olacaq.
Qeyd edək ki, respublikaçı milyarder Donald Tramp və senator-demokrat Berni Sanders ötən gün Nyu-Hempşir ştatında keçirilən ilkin seçkilərdə Demokratlar və Respublikaçılar partiyasından olan rəqiblərinə qalib gəliblər.
Bülletenlərin 4 faizinin hesablanmasından sonra Tramp seçicilərin 33 faizinin səsini yığıb. Onun ən yaxın rəqibi, Ohayo qubernatoru Con Keysic isə milyarderdən təxminən iki dəfə az səs toplayıb. Ceb Buş isə 11,9 faiz səslə üçüncü pillədə qərarlaşıb. Ayova ştatında keçirilən ilkin seçkilərdə qalib gələn Ted Kruz isə bu dəfə dördüncü olub.
Demokratlardan Berni Sanders seçicilərin 53,3 faiz səsini yığıb. Onun əsas rəqibi, sabiq dövlət katibi Hilari Klinton isə 44,6 faiz səs toplayıb.
Donald Tramp öz növbəsində Sandersi təbrik edib. Lakin milyarder ona ABŞ prezidenti olmağa imkan verməyəcəyini deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?