Bakı Metropolitenində işə qəbul imtahanı keçirilib. Bir neçə ixtisas üzrə vakant yerlərə isə qəbul prosesi davam etdirilir.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Milli.Az-a bildirib ki, Metropolitenin Təlim-Tədris Mərkəzində müəssisənin mütəxəssislərindən ibarət kadr komissiyası tərəfindən işə qəbul imtahanı keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətindən göndərişlə müraciət edən namizədlərin işə qəbulu yol elektriki, yol montyoru, yardımçı fəhlə, təmir üzrə çilingər, elektrik çilingəri və digər ixtisaslar üzrə aparılıb.
İlkin seçim mərhələsində müraciət edənlər vakansiyanın tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra imtahana buraxılıblar. İmtahanı müvəffəqiyyətlə keçən 63 nəfərlə Əmək Məcəlləsinə uyğun əmək və hüquq münasibətlərini tənzimləyən müqavilə rəsmiləşdirilib. 19 nəfər müraciət edən isə dəvət olunmalarına baxmayaraq imtahanda iştirak etməyib.
İşə qəbul imtahanını uğurla keçən namizədlər "Bakı Metropoliteni" QSC-də ilk dəfə olaraq psixoloji-test olunublar.
Qeyd edək ki, xüsusi peşə ixtisasları, yəni sazlayıcı, sarğıçı, kabel lehimləyicisi, dolayıcı, frezerçi, avtomobillərin təmiri üzrə çilingər ixtisasları üzrə işə qəbul prosesi hələ davam edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?