Bir neçə gün bundan öncə Moderator.az saytında Sumqayıtın mərkəzi hissəsində sovet dönəmində inşa edilən “Xuruşovka”ların göydələnlərlə əvəz edilə biləcəyi ilə bağlı məlumat verilmişdi. Sözügedən məsələ ilə bağlı redaksiyamızı bilgiləndirən özəl mənbə, tikinti mafiyasının bununla bağlı ciddi planlara malik olduğunu bildirib.
“Xuruşovka”lar qəzalı elan ediləcək?
Mənbənin sözlərinə görə, şəhərin mərkəzi hissəsindəki beşmərtəbəli binaları sökərək onun yerində göydələnlər inşa etməyə çalışan tikinti mafiyası bunun üçün hərtərəfli işlənmiş plana malikdir. Plana görə, öncə sovet dönəmində inşa olunsa da yaşayış üçün tam yararlı olan beşmərtəbələr qəzalı elan ediləcək, beləliklə də onların sökülməsi qanuniləşdiriləcəkdir. Binaların bu şəkildə sökülməsi tikinti mafiyasını söküntü üçün zəruri xərclərdən də azad etmiş olacaq: “Sumqayıtda göydələn inşası üçün lazım olan tikinti meydançaları Bakı ilə müqayisədə daha çox olsa da, bunun üçün şəhərin mərkəzi hər zaman olduğu kimi bu gün də öz əvəzedilməzliyini qoruyub saxlayir. Bu səbəbdən də şəhərin tikinti mafiyası yaşayış binaları və ticarət mərkəzləri ilə əhatələnən mərkəzi bölgələrdə öz göydələnlərinə yol açmaq üçün köhnə binaların sökülməsi planını reallaşdırmağa çalışır. Plana görə, “Xuruşovka”ların sovet dönəmində tikildiyi əsas gətirərək bu binalarda yaşamağın təhlükəli olduğu ilə bağlı əlaqədar qurumlarda lazımi rəy alınmalı və daha sonra sakinlərin bu rəy əsasında binalardan çıxarılması həyata keçirilməlidir. “Qəzalı” binaların sökülməsi prosesinin də dövlət büdcəsindən ayrılan vəsait hesabına reallaşması nəzərədə tutulur ki, bu da tikinti mafiyasını öz büdcəsinə qənaət etməsinə imkan yaradacaq”.
Vətəndaşlar göydələnlərə etibar etmir
Bilgili qaynağın sözlərinə görə, mərkəzi hissədəki “Xuruşovka”ların sökülə biləcəyi il bağlı xəbərlər Sumqayıt sakinləri tərəfindən də narahatlıqla qarşılanmaqdadır: “Vətəndaşlar yaşadıqları binaların sökülməsi üçün heç bir əsas görtmür və guya bu binaların qəzalı vəziyyətdə olması ilə bağlı ictimai rəyə təlqin edilən fikirlərlə razılaşmırlar. Sakinlər hesab edir ki, bu binalar sovet dövründə inşa edilsə də, onların hazırkı durumu bu gün Azərbycanda yenicə inşa edilən göydələnlərdən daha yaxşıdır. Vətəndaşlar sovet beşmərtəbələrinin zəlzələ və digər qəzalara qarşı da göydələnlərdən daha dayanıqlı olduğu qənaətindədir”. Mənbənin bildirdiyinə görə, söküləcək binaların sakinlərinin mənzillə təminatına gəlincə, tikinti şirkətləri problemi kompensasiya yolu ilə həll etməkdə maraqlıdır: “Tikinti mafiyası hesab edir ki, söküləcək binaların sakinlərini başqa mənzillərdə yerləşdirmək xeyli vaxt və əmək sərf edəcək. Bundan başqa, mərkəzi hissədən çökürüləcək sakinlərə təklif ediləcək mənzillər şəhər kənarı və mikrorayonlarda olduğu üçün, bunun vətəndşların narazılığına səbəb olacağı da şübhəsizdir. Bu səbəbdən də tikinti şirkətləri “Xuruşovka” sakinlərinə müəyyən məbləğdə kompensasiya ödəməyi daha məqbul hesab edir. Onların fikrincə, bu məbləğ yüksək olmasa da sakinlərə şəhərətrafı istədikləri yerdə mənzil almaq imkanı verəcək”.
Sakinlər nə düşünür?
Məlumatlı mənbənin sözlərinə görə, sakinlər “Xuruşovka”ların sökülməsini əsaslı saymadıqları üçün baş verənlərə qarşı öz etirazlarını sərgiləmək və dirəniş göstərmək niyyətindədir: “Vətəndaşlar haqlı olaraq hesab edir ki, şəhərin mərkəzindəki “Xuruşovka”ların guya qəzalı vəziyyətdə olduğu ilə bağlı fikrilər əsaslı deyil. Sökülməsi planlaşdırılan mənzillər üçün nəzərdə tutulan kompensasiya da yüksək olmadığı üçün, vətəndaşlar əllərindən alınacaq mənzillərin qarşılığında istədikləri evi ala bilməyəcəklərini yaxşı başa düşürlər. Buna görə də, onlar daha sonra evsiz-eşiksiz qalmamaq üçün beşmərtəbələrin sökülməsinə imkan verməmək, nəyin bahasına olursa-olsun yaşadıqları mənzillərdən çıxmamaq fikrindədir. Sakinlərin qənaətincə, əgər kütləvi mübarizə ortaya qoya bilsələr, o zaman tikinti mafiyasının məlum planını əngəlləyə, mənzillərini əllərində saxlaya bilərlər”. Bilgili qaynağın sözlərinə görə, vəziyyətin gərginləşəcəyi təqdirdə sakinlər Prezident Administrasiyası və digər dövlət orqanları qarşısınbda da aksiya keçirmək, KİV-in dəstəyindən yararlanmaq niyyətindədir: “Vətəndaşlar yaxşı başa düşür ki, Azərbaycan reallığında sıradan insanların öz haqlarını qoruması olduqca çətindir. Lakin sakinlər hesab edir ki, seçki öncəsi ortaya həqiqi vətəndaş həmrəyliyi qoysalar, o zaman problemin ədalətli həllinə nail ola bilərlər. Vətəndaşlar həmçinin Prezident Administrasiyası, icra hakimiyyəti və s. dövlət qurumları qarşısında da aksiyalar keçirmək niyyətindədir. Onların fikrincə, KİV hesabına öz problemlərini yüksək səviyyədə ictimaiyyiləşdirə bilsələr, bu, tikinti mafiyasını geri çəkilməyə vadar edə bilər. Bir sözlə, hələ ki, hər iki tərəf – həm tikinti mafiyası, həm də sakinlər gözləmə mövqeyindədirlər. Lakin çox güman ki, yaxın gələcəkdə bu sükut aradan qalxacaq və öz yerini ağır, qüvvətükədən mübarizəyə verəcəkdir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?