Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ədliyyə Nazirliyinə qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası xeyli vaxtdır ki, uzanır. Çünki iş üzrə cavabdeh tərəf olan Ədliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə gəlmir. Eyni hal bu gün də təkrarlandı.
Fevralın 23-də 1 saylı Bakı İnzibati–İqtisad Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyilə bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilməli idi. Lakin məhkəmədə Ədliyyə Nazirliyinin nümayəndəsi iştirak etmədiyindən hazırlıq iclası yenə də təxirə salındı. Hakim iş üzrə növbəti hazırlıq iclasını martın 30-na təyin etdi.
İndiyədək bu məhkəmə prosesində AXCP–nin mövqeyini vəkil Fəxrəddin Mehdiyev, Ruslan Əliyev və Səməd Rəhimli müdafiə edirdi. İndi bu prosesə ölkənin daha bir neçə nəfər tanınmış vəkil və hüquqşünası qoşulub. Bugünkü hazırlıq iclasında Xalid Bağırov, Vidadi Mirkamal, Qurban Məmmədov, Namizəd Səfərov və Yalçın İmanovun etibarnaməsi hakimə təqdim olunub. Onlar məhkəmədə AXCP sədri Əli Kərimlinin nümayəndəsi qismində iştirak edəcəklər.
Xatırladaq ki, Ədliyyə Nazirliyi AXCP–nin ötən il sentyabrın 27-də keçirdiyi qurultayın nəticələrini qeydə almaqdan imtina edib. AXCP məhkəməyə müraciətində nazirliyin imtina qərarının qanunsuz hesab olunması, qurultayın nəticələrinə dair məlumatların dövlət reyesterinə daxil edilməsi barədə qərar çıxarılmasını istəyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?