Fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı fevralın 25-nə təyin edilib.
GundemXeber.Az bildirir ki, vəkil Osman Kazımovun Azad Həsənovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətini hakim təmin etməyib.
Hakim qərarı oxuyan zaman onun səsinin zalda eşidilməməsi Azad Həsənovun özünün və məhkəmə iştirakçılarının narazılığına səbəb olub. Məhkəmə iştirakçıları etiraz olaraq qərarın oxunmasını oturaraq dinləyib.
Azad Həsənov 2014-cü ildən siyasi mühacirətdə idi. 2018-ci il oktyabrın 10-da o xəstə atasına baş çəkmək üçün Bakıya gəlib və növbəti gün saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda qanunsuz narkotik maddənin dövriyyəsi) ilə cinayət işi açılıb.
Oktyabrın 12-də məhkəmə Həsənov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.
Müsavat Partiyası Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirib.
Hüquq müdafiəçiləri Azad Həsənovu siyasi məhbus kimi tanıyıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?