Böyrəklərin xroniki patologiyası olan şəxslər vaxtında aşkar ediləcək və onlar tam həcmdə tibbi yardımla, o cümlədən hemodializ müalicəsi ilə təmin olunacaqlar. Hər halda Nazirlər Kabinetinin yeni tədbirlər proqramı qarşıya belə məqsəd qoyub. Bundan başqa xroniki böyrək çatışmazlığı üzrə ixtisaslaşdırılmış tibbi yardımın keyfiyyət standartları da müəyyən ediləcək. Nazirlər Kabineti 2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramını təsdiqləyib. Proqramın əsas hədəflərindən biri də, regionlarda hemodializ mərkəzləri şəbəkəsinin genişləndirilməsidir. Nefrologiya sahəsində mütəxəssislərin hazırlanması və onların peşəkarlıq səviyyəsinin artırılması da əsas məqsədlərdəndir.
Kəpəz TV (Region TV) xəbər verir ki, regionlardakı hemodializ mərkəzlərinin şəraitinin yaxşılaşdırılması da prioritetlər sırasındadır. 2013-cü ildən Gəncədə fəaliyyət göstərən hemodializ mərkəzində artıq 40 fresenius aparatı quraşdırılıb ki, bundan da 252 xəstə yararlanır.
Göygöl sakini: "Göygöl rayonundan gəlmişəm. Həftədə 3 dəfə dializə gəlirəm. Amma nə etmək olar, həyatdı bu günə düşdük".
Goranboy sakini: "Goranboy rayonunun Ağamalıoğlu kəndindən gəlmişəm. Günaşırı gəlirəm". Gəncə sakini: "45 yaşım var, 10 ildir dializ alıram. Bütün avadanlıqlarımız var. Arada aparatlarımız xarab olur, tez də təmir edirlər. Şükür ki, dializdən qalmıram".
Həkimlərin sözlərinə görə, son illər Qərb bölgəsində xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı artıb. Həmin xəstələr müxtəlif patalogiyalar üzrə müəyyən müddət müalicə alanlar olub. Şəkərli diabet isə bu patalogiyalar sırasında öndə gedir.
Nazim Əhmədov - Abbas Səhhət adına 1 saylı Gəncə şəhər xəstəxanasının baş həkimi: "Hemodializə düşən xəstələrin əksəriyyətini şəkərli xəstələr təşkil edir. Şəkərdən ölüm olmur. Sadəcə onlarda da böyrək çatışmazlığı yaranır. Final mərhələsində isə hemodializə müraciət edirlər. Həmin xəstələr isə tam hemodializlə təmin edilib".
Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər proqramında əhaliyə 60 dərman preparatı, hemodializ üçün 13, periton dializ üçün 10 dərmanın, 130 reaktiv rentgen və laborator ləvazimatların pulsuz verilməsi nəzərdə tutulur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?