Əhali arasında "Sabunçu xəstəxanası” kimi tanınan 3 saylı Şəhər Klinik Xəstəxanasıda hemodializ alan xəstələrin həyatı təhlükədədir.
GUNDEMxEBER.AZ bildirir ki, dominant.az-a bu barədə xəstəxanada hemodializ olunan xəstələr özləri məlumat veriblər.
Hemodializ xəstələri Rafil Ramizoğlu və Rəşad Bilalovun bildirdiyinə görə, son günlər xəstəxanada hemodializ alan xəstələrin səhhətində ağırlaşmalar qeydə alınır.
“3 saylı Şəhər xəstəxanasında hemodializ olunan xəstələrdən biriyəm. Onsuz da bərbad vəziyyətdə olan dializ prosesi son aylar lap pis gündədir. Xəstələr titrədir və təziq düşür. Mən daxil bir çox insanlar ölümdən döndük. Təəssüf ki, dönməyənlər də olur. Bu vəziyyət artıq neçə aydır ki, belədir”, - Rafil Ramizoğlu deyib.
Rəşad Bilalov da eyni problemdən şikayətçidir: ““Sabunçu” xəstəxanasında dializ alıram, vəziyyət çox bərbaddır. 3 aydır düz-əməlli dializ ala bilmirik, hamı eyni vaxtda titrədir və təziqimiz çox aşağı düşür. Hətta iki gün öncə dializdən evə qayıdarkən halım pisləşdi, özümdən getdim, bir saata yaxın yolda qaldım. Yoldan keçənlər mənə kömək etməsəydi, bəlkə də, ölmüşdüm. Həmin gün, demək olar ki, hamı eynən mənim kimi olmuşdu”.
Xəstələrin dediklərinə görə, məsələ barədə aidiyyəti şəxslərə şikayətlər etsələr də, heç bir nəticəsi olmayıb: “Dərdimizi kimə desək də, səsimizi eşidən yoxdur. Kim gəlirsə, söz verir ki, düzələcək, çıxıb gedir, heç nə də düzəlmir. Xahiş edirik ki, lazımi qurumların bizim səzimizi eşitməsinə köməklik edəsiniz”.
Şikayətlərə aydınlıq gətirmək məqsədilə 3 saylı Şəhər Klinik Xəstəxanasinin baş həkimi Fikrət Zeynalovla əlaqə saxladıq. Baş həkim əvvəlcə hemodializ alan xəstələrlə bağlı heç bir problem olmadığını desə də, sonradan bu barədə aidiyyəti qurumların məlumatlı olduğunu bildirdi.
“Atletlər kəndində ezamiyyətdəyəm, hazırda da iclasdayam. Orada elə bir problem yoxdur. Problem deyəndə, xəstələrdə bir az reaksiya olub, aidiyyəti təşkilatların da hamısı bu barədə bilir. Yaxşı olar ki, Səhiyyə Nazirliyindən Cahangir müəllimlə əlaqə saxlayasınız”, - deyə baş həkim vurğuladı.
Maraqlıdır, əgər “Sabunçu” xəstəxanasında hemodializ xəstələrinin üzləşdiyi vəziyyət barədə həm baş həkim, həm də aidiyyəti qurumlar məlumatlıdırsa, hansı səbəbdən problem həll olunmur? Onsuz da, hər an ölüm təhlükəsi ilə üz-üzə olan bu xəstələrin səsini niyə eşidən yoxdur?
Xatırladaq ki, bu ilin fevral ayında Sabirabad Rayon Mərkəzi Xəstəxanasında dializ alan 10-a yaxın xəstənin də vəziyyəti ağırlaşmışdı. Hemodializ aparatlarının suyu vaxtında dəyişdirilmədiyindən bir növbədə dializ alan bütün xəstələr zəhərlənmişdi. Nəticədə xəstələrdən bir neçəsi həyatını itirmişdi, digərləri isə ağırlaşmışdı. Hadisə mediada işıqlandırılandan sonra həmin xəstələr Bakıya göndərilərək müalicə olundu.
İndi belə anlaşılır ki, “Sabunçu” xəstəxanasında hemodializ alan xəstələrin harayına hay vermək üçün mütləq ölüm hadisəsi baş verməlidir? Ümid edirik ki, vəziyyət tez bir zamanda nəzarətə götürüləcək, hemodializ xəstələrinin üzləşdiyi problem can almadan lamızi tədbirlər görüləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?