Yaxın zamanlarda paytaxtın nəqliyyat sektorunda vahid ödəniş sisteminə keçiləcək.
Bu barədə Milli.Az-a açıqlamasında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Rauf Mirqulamov deyib.
NİİM sözçüsü qeyd edib ki, taksiləri çıxmaq şərtilə paytaxtda bütün ictimai nəqliyyat vasitələrində ödənişi vahid kart sistemi ilə həyata keçirmək mümkün olacaq: "Nağdsız ödəniş sisteminə keçilməsi yeni yaradılan Bakı Nəqliyyat Agentliyinin qarşısında duran prioritet məsələlərdən biridir. Lakin bu işi bir dəfəyə etmək mümkün olmayacaq. Vahid kart sisteminə keçid mərhələli şəkildə həyata keçiriləcək. Lakin "BakuBus"la yanaşı, çox yaxın zamanlarda artıq digər özəl fiziki və hüquqi şəxslərə məxsus bütün marşrutlar üzrə hərəkət edən bütün avtobuslarda vahid kartla ödəniş etmək mümkün olacaq".
R.Mirqulamovun fikrincə, nağdsız ödəniş sisteminə keçid sərnişin avtobusu nəqliyyatında sürücülərlə bağlı bəzi neqativ halların aradan qalxmasına da müsbət təsir edəcək: "Belə ki, kartla ödəniş həm də sürücülərin maaş sisteminə keçidi deməkdir. Bu isə sürücülərin bir-biri ilə rəqabət aparması, eyni zamanda yollarda yersiz ötmə əməliyyatı apararaq sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyatı üçün təhlükə yaratması kimi halların da aradan qalxmasına gətirib çıxaracaq".
NİİM rəsminin sözlərinə görə, vaxtı çatanda vahid ödəniş sisteminə keçidlə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?