"Mən bu dəqiqə mal-mülk, var-dövlət söhbəti eləmək istəmirəm. Bu fikirdə də deyiləm. Bircə amalım odur ki, anamın yasını yola verim. Bütün bu işlərlə bağlı sualları vəkilim Habil Vəliyevə ünvanlaya bilərsiniz".
İlhamə Quliyevanın oğlu Orxan Nadirov məsələ ilə bağlı lent.az-a açıqlama verib.
Vəkil H.Vəliyev isə açıqlamasında məsələni bu cür izah edib: "Hazırda Orxan Nadirovun başı yas mərasiminə və qəbir abidəsinin düzəldilməsinə qarışıb. O ki qaldı İlhamə xanımın varidatına, bu, dövlətin qanunları ilə tənzimlənən şəkildə həyata keçiriləcək. Nə Əli Mirəliyev, nə də başqa birisi qərar qəbul edən deyil. Bütün bu işlər məhkəmə vasitəsi ilə həll olunacaq. Bu məsələ ilə biz məşğul olacağıq. Orxan İlhamə xanımın oğludur. Bu, hər yerdə göstərilir. Hətta dəfn mərasimində heç kimi təqdim etmədilər, amma Orxanı İlhamə xanımın oğlu kimi təqdim etdilər. Hətta nazir də Orxanı İlhamə xanımın oğlu kimi təqdim etdi. Orxan bələkdə olandan İlhamə xanımın oğlu kimi təqdim olunub. Əli Mirəliyev çox söz deyə bilər. Hüquqi varis qanunlar tərəfindən tənzim olunacaq. Bu iş kiminsə deməyi ilə düzəlmir. Yalnız qanunla. Son qərar məhkəmənindir! Amma hər bir valideyn dünyasını dəyişəndə miras onun övladına qalır. Orxan da İlhamə Quliyevanın oğludur".
***
Bu günlərdə dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın bütün mirası nə oğulluğuna, nə də yaxınlarına deyil, bütövlükdə dövlətə qalacaq.
gundemxeber.az xəbər verir ki, bu barədə xalq artistinin dayısı oğlu, müğənni Əli Mirəliyev “Yeni Müsavat”a açıqlamasında bildirib:
“Əsəbləşirdi, hər dəfə vəsiyyət barəsində bir söz deyirdi. Canı ağrıyırdı. Hirslənirdi Orxanın əlindən, ona “bezdelnik” deyirdi. Sonra deyirdi “yox, oğlumdur”. Vəsiyyətnamə rəsmi olaraq yoxdur, heç nə yazmayıb. Yazsaydı, biz bilərdik, bir şey çıxardı üzə. Sənədləri, filan hamısı məndə idi. Sözdür də gah deyirdi ki, “evi orduya verəcəm”, gah deyirdi “yox, nəvəm var, ona verəcəm”. Bir az müəmmalı oldu... Mirasının hamısı dövlətə qalacaq”.
Əli Mirəliyev İlhamə Quliyevanın banklardakı bütün pul hesablarının dondurulduğunu da açıqlayıb:
“Çünki özü yoxdur. Rəsmi uşağı da yoxdur ki, ona qalsın sərvəti. Sadəcə xalasının nəvəsi Orxanı saxlayıb, böyüdüb, evləndirib. Amma rəsmi oğulluğa götürməyib. Uşağı götürüb saxlayanda öz familiyasına keçirir, sənədləşdirirlər. Biz belə görümüşük. Onun adı Quliyeva İlhamə Məzahir qızı, o da Nadirov Orxan Əhmədağa oğludur. Heç bir hüquqi sənəd yoxdur təsdiqləsin ki, Orxan onun oğulluğudur. Elə bir vəsiyyətnamə də yoxdur ki, “mən mirasımı, ölümümdən sonra Orxana verirəm”. Biz bunun çevrəsində olan adamlarıq, lakin bu barədə heç bir rəsmi sənəd bilmirik. Biz bilirik ki, xəstəliyi ilə əlaqədar onun beynindəki durumu pozulmuşdu. Gah qışqırır, gah ağlayırdı, gah da “uff, ayaqlarım, hər yerim ağrıyır” deyirdi. Əziyyət çəkirdi bu adam. Amma efirə çıxanda mərdi-mərdanə çıxıb oxuyur, deyib-gülürdü. Çox mübariz insan idi... “
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?