Mərhum xalq artisti İlhamə Quliyevanın qız övladı olması barədə məlumat yayılıb. Məlumatda onun Flora adlı bir qız övladının olması qeyd olunur.
İ.Quliyevanın yaxın qohumu, müğənni Əli Mirəliyev yayılan xəbərə münasibət bildirərkən qeyd edib ki, İlhamə Quliyeva heç vaxt hamilə olmayıb. Onun uşaq dünyaya gətirməsi qeyri-mümkündür.
Məsələ ilə bağlı aznews.az-ın əməkdaşı mərhum sənətkarı yaxından tanıyan xalq artisti Aybəniz Haşımova ilə əlaqə saxlayıb. Aybəniz Haşımova İlhamə Quliyevanın heç vaxt hamilə olmaması ilə bağlı deyilən fikrin yalan olduğunu bildirib: “İlhamə xanım hamilə olub. Amma 1991- ci ildə onun övladı tələf oldu. O, Razin (indiki Bakıxanov) ərazisində maşında gedərkən vəziyyəti qəfildən pisləşmişdi. Həmin vaxt onu Razində yerləşən doğum evinə apardılar. Orada onun yeddi aylıq uşağı öldü. Mən şəxsən bunu həmin həkimlərdən eşitmişəm”.
A.Haşımova İ.Quliyevanın qız övladının olması barədə yayılan xəbərə də münasibət bildirib: “Onun qız övladının olması haqda dəqiq heç nə eşitməmişəm. Əgər İlhamə xanımın övladı var idisə, niyə ondan imtina etsin ki? O çox gözəl qadın idi. Bəlkə də hansısa bir qıza insan kimi mənəvi analıq edib. Amma bu gün bundan istifadə etmək sadəcə ayıbdır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?