Bakıda şəhid Faiq Rzayevin adını daşıyan 150 nömrəli tam orta məktəb niyə ləğv olundu? Şəhidlik ən uca zirvədir. Bu zirvəyə çatmaq hər adama nəsib olmur. Çünki şəhidlər Vətən yolunda, ərazi bütövlüyümüz uğrunda canlarını qurban verirlər. Ona görə də həyat durduqca şəhidlərimiz də yaşayır, onların adları əbədiləşdirilir. Bu gün istər Bakıda, istərsə də regionlarda məktəblər, uşaq bağçaları, səhiyyə təşkilatları, küçələr və mədəniyyət obyektləri Vətən yolunda canından keçmiş şəhidlərimizin adını daşıyır. Bakının Yasamal rayonundakı 150 nömrəli tam orta məktəb də Qarabağ döyüşlərində şəhid olmuş, bacarıqlı kəşfiyyatçı kimi ad qazanmış, Prezident İlham Əliyevin 2015-cil 8 mart tarixli sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunmuş Rzayev Faiq Hüseynağa oğlunun adını daşııyırdı... Bəs nə oldu? Faiq Rzayev 150 nömrəli tam orta məktəbdə təhsil alıb. O, hərbi xidmətini cəbhə bölgəsində, müharibənin ən qaynar nöqtələrində keçirib. Cəbrayıl rayonu işğal olunan zaman həmin rayonun ərazisində kəşfiyyatda olan Faiq Rzayev döyüşçü dostları ilə birlikdə düşmənin mühasirəsinə düşür. Lakin təslim olmurlar. Son damla qanlarına qədər ermənilərlə vuruşur və düşmənin əsas qüvvələrini məhv edirlər. Sonda Faiq və bir neçə döyüşçü dostu qəhramancasına həlak olurlar. Hazırda onun məzarı İkinci Şəhidlər xiyabanındadır. 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə şəhid Faiq Rzayevin adı əbədiləşdirildi və şəhidin məzunu olduğu 150 nömrəli məktəb onun adına verildi. Lakin... düz 20 il sonra 150 nömrəli tam orta məktəb ləğv edildi. Səbəbi isə çox gülməli və ikrah doğuran, insanlarda nifrət yaradan bir bəhanə: guya bu məktəbdə müəllimlərin sayı çox, şagirdlərin sayı isə azdır. İndi Təhsil Nazirliyindən və Bakı Təhsil İdarəsindən soruşmaq istərdik: Bu qədər müəllimin əmrini həmin məktəbə kim verib? Bəlkə Kənd Təsərrüfatı Nazirliyi, yoxsa Baytarlıq İdarəsi, bəlkə Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Deyəsən, Melorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti. Yox! Yox! Bir məktəbə ehtiyac olmadığı halda, bu qədər müəllimin yerləşdirilməsində Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsi məsuliyyət daşıyır. Kimlərinsə cibinə müftə pullar axıb, kimlərsə varlanıb və kimlərsə ŞƏHİD adına hörmətsizlik, saymamazlıq və mən deyərdim ki, xalqa, millətə, müstəqilliyimizə xəyanət edərək, öz maddi maraqlarını hər şeydən üstün tutub. Nəticəsi hamıya məlumdur: ŞƏHİDİN adına olan məktəb ləğv olunub və əvəzində Səbail rayonunda yerləşən 6 saylı liseyin filialı Yasamal rayonunda yaradılıb. Şəhidin anası Rüxsarə Məmmədovanın döymdədiyi qapı qalmayıb. Özü də bir əlində ümummilli lider Heydər Əliyevin şəhidin adının əbədiləşdirilməsi haqında fərman, bir əlində isə Prezident İlham Əliyevin şəhidə “İgidliyə görə” medalının verilməsi barədə sərəncam. Bu işə məsul olan dövlət məmurları sanki bunların heç birini görmür və öz bildiklərini edirlər. Bunun bir adı var: MİLLƏTƏ, XALQA xəyanət! Hərbi vətənpərvərlik tərbiyəsini gözdən salmaq! Yaxın vaxtlarda şəhid anasına deyiblər ki, Təhsil Nazirliyi 150 nömrəli tam məktəbin şəhid adını daşımasından xəbərsiz olub. Şəhidin anası müxtəlif inistasiyalara şikayət edəndən sonra Təhsil Nazirliyinin əməkdaşları sanki yuxudan oyanıb və ondan sonra biliblər ki, bu məktəb şəhidin adına imiş. Təhsil Nazirliyinin məslədən “vaxtında” xəbər tutması yadıma bir hadisəni saldı. Cavan bir oğlanı evləndirirlər. 3 aydan sonra həmin oğlan arvadını boşayır. Ondan soruşurlar ki, niyə arvadı boşadın. Oğlan da deyir ki, 3 aydan sonra mənə dedilər ki, bu qız deyilmiş. İndi gördünüzmü təhsilimizin taleyi kimlərin əlindədir? Hazırda şəhid Faiq Rzayevin büstü Təhsil Nazirliyinin qərarı ilə ləğv olunmuş 150 nömrəli tam orta məktəbin binası qarşısındadır. Şəhidin anası da bildirir ki, bu, mənə qarşı, şəhidə qarşı təhqirdir. Ləğv olunmuş məktəbin binası qarşısında şəhidin büstünün qalması formal bir şeydir. Təhsil Nazirliyinin Xaqani adlı işçisi şəhidin anasına kinayə ilə deyib ki, niyə narahat olursan, heykəli burdan götürüb başqa bir yekə binanın qabağına qoyarlar. Buyurun, bu da Təhsil Nazirliyinin əməkdaşının səviyyəsi, dünyagörüşü və ŞƏHİDƏ verdiyi qiymət?! Bu adam hələ dərk edə bilmir ki, Şəhidlik ən uca zirvədir. Bu zirvəyə çatmaq hər adama nəsib olmur. Çünki şəhidlər Vətən yolunda, ərazi bütövlüyümüz uğrunda canlarını qurban verirlər. Ölkəmizin müharıbə şəraitində olduğu bir vaxtda hansısa dövlət məmurunun öz maddi maraqları naminə Qarabağ döyüşlərində şəhid olmuş, Prezidentin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuş şəhid Faiq Rzayevin adını daşıyan 150 nömrəli tam orta məktəbi ləğv etməsi gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsinə çox pis təsir edəcək. Axı, Faiq Rzayev canını Vətənimizin müdafiəsi, müstəqilliyimizin əbədiliyi, ərazi bütövlüyümüzün təmin olunması yolunda qurban verib. Şəhidə qarşı belə hörmətsizlik edənlər xalq düşmənlərindən, Vətənə xəyanət edənlərdən də qorxuncdur. Rüstəm Rüstəmzadə
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?