Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət satınalmaları haqqında" qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
gundemxeber.az APA-ya istinadən bildirir ki, Z.Səmədzadə deyib ki, qanuna 2.1-ci maddə əlavə edilib. Bu maddəyə əsasən dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına dövlət müəssisə və təşkilatları, nizamnamə fondunda dövlətin payı 30% və daha çox olan müəssisə və təşkilatlar tərəfindən ərzaq məhsullarının (Dövlət Taxıl Fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşmiş qaydada satın alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir: "Bu düzəlişin edilməsi ölkədə sahibkarlığın inkişafı, aqrar sektorun səmərəliliyinin artırılması üçün kifayət qədər möhkəm baza yaradacaq. Təqribi hesablamalara görə, hər il 300 milyon manatdan çox dövlət büdcəsi vasitəsi ilə ərzaq alınmasına vəsait ayrılır ki, bunun da 90%-i məhz ölkədə istehsal olunan məhsullardır. Əgər biz digər qapalı təşkilatları, iri səhmdar cəmiyyətləri də nəzərə alsaq, bu ərzağın alınmasına ildə bundan 2-3 dəfə çox vəsait sərf olunur. Vəsaitlərin mərkəzləşmiş qaydada qeydə alınması, onun sisteminin yaradılması, müvafiq iqtisadi mexanizmlərinin, qaydalarının nəzərə alınması Azərbaycanda milli iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək. Regionlarda pul dövriyyəsinin, əhalinin gəlirlərinin artmasına imkan yaradacaq. Kənd təsərrüfatı nazirliyi müvafiq yerli icra strukturları ilə birlikdə bu prosesin təkmilləşməsi üçün konkret tədbirlər hazırlamalıdırlar".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?